SİYASƏT
MİQRASİYA PROSESİNƏ DAİR BİRGƏ PROQRAM HƏYATA KEÇİRİLİR
Beynəlxalq Miqrasiya Təşkilatının respublikamızdakı nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə “Miqrasiyanın idarə olunması üzrə potensialların yaradılması” proqramını həyata keçirir. Proqram çərçivəsində miqrasiyanın öyrənilməsi ilə məşğul olan nazirliklərarası analitik işçi qruplar yaradılmışdır. Bu qruplar miqrasiya siyasəti, qanunvericilik, sərhəd nəzarəti məsələlərini nəzərdən keçirərək, Milli Məclisin müvafiq komissiyalarına bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsinə dair lazımi tövsiyələr vermişdir. Bununla da Azərbaycanda miqrasiyanın idarə olunması üzrə mükəmməl sistemin yaradılmasının birinci mərhələsi yekunlaşdırılmışdır. Proqrama əsasən yaradılmış sərhəd nəzarət komissiyası sərhədlərin idarə olunmasına və Binə hava limanında sərnişinlərin yoxlanmasına dair müvafiq strukturlara tövsiyələr verir. Vaxtaşırı Böyük Britaniya, Kanada və Hollandiyadan dəvət olunmuş mütəxəssislər sərhədçilərə “Miqrasiyanın idarə olunması” və “Sərhəd keçidi prosedurlarına riayət edilməsi” mövzularında təlimlər keçirlər. Bu günədək 194 sərhədçi təlim keçmiş, 15 sərhədçi isə Polşada birillik təhsil alır.