SİYASƏT
MİRƏŞRƏF FƏTİYEV RUSİYA TORPAĞINI ABADLAŞDIRIR
Moskva, 6 may (AZƏRTAC). Rusiyanın paytaxtı Moskva öz xüsusiyyətlərinə, xarizmasına malik meqapolisdir. Bir dəfə bu şəhərdə olan heç zaman onu unutmur. Moskva müasir şəhər standartlarına getdikcə daha çox uyğun gəlir və bu işdə soydaşımız Mirəşrəf Fətiyevin də xidmətləri az deyildir. Artıq uzun illərdir ki, o, Moskvanın gözəlləşdirilməsi, milli ruhda müasir landşaftının yaradılması ilə məşğuldur.
Moskvanın fəxri inşaatçısı, iqtisad elmləri doktoru, Rusiya Xalqlar Dostluğu Universitetinin aqrar fakültəsinin bağ-park və landşaft dizaynı kafedrasının professoru Mirəşrəf Fətiyev 15 ildir Moskva hökuməti yanında ixtisaslaşdırılmış abadlaşdırma və yaşıllaşdırma təşkilatının – “Moszelenstroy” QSC-nin rəhbəridir. Təşkilatın fəaliyyətinin əsas istiqamətləri parkların, bağların, bağçaların, uşaq meydançalarının salınması və yaşıllaşdırılmasıdır. Mirəşrəf Fətiyevin layihələri Moskva hökuməti tərəfindən minnətdarlıqla qarşılanmış, “Rusiya torpağının abadlaşdırılmasına görə” Fəxri fərmanına layiq görülmüşdür.
Soydaşımızın uğurla həyata keçirdiyi layihələr arasında Kremlin, Qızıl meydanın, Rusiya Hökumət evinin, Ümumrusiya Sərgi Mərkəzinin, M.Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət parkının, Poklonnı dağındakı Qələbə parkının ərazisinin, Olimpiya kəndinin və Olimpiada prospektinin landşaft layihəsi və başqaları vardır.
Mirəşrəf Fətiyev həm də fəal ictimai xadimdir. Son bir neçə ildir ki, o, Ümumdünya Azərbaycanlılar Konqresinin Rusiya nümayəndəliyinə başçılıq edir, çoxlu sayda ictimai tədbirlərin təşkilatçısıdır. Ümumdünya Azərbaycanlılar Konqresinin nümayəndəliyinin təşkilatçılığı ilə azərbaycanlı yazıçıların və ictimai xadimlərin yubileyləri qeyd olunur, Azərbaycan filmləri nümayiş etdirilir, Böyük Vətən müharibəsi veteranları ilə görüşlər keçirilir. M.Fətiyev Azərbaycan diasporunun birləşməsinə, ölkəmizin tarixinin və mədəniyyətinin təbliğinə həsr olunmuş kitabların nəşrinə, sənədli filmlərin çəkilişinə, elmi konfransların təşkilinə sponsorluq edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva