“MİR” telekanalında “Respublikaların sərvətləri” silsiləsi Azərbaycan haqqında proqramla açılacaq VİDEO
AzerTAg.az

Bakı, 31 avqust, AZƏRTAC
Sentyabrın 3-dən “MİR” telekanalında “Respublikaların sərvətləri” silsilə proqramı yayımlanmağa başlanacaq. Proqramda keçmiş SSRİ respublikalarından, ya da el arasında “on beş bacı” adlandırılan ölkələrdən söhbət açılacaq. Hər respublika qəhrəmanlıq, musiqi, süfrə və məişət haqqında öz assosiasiyasını yaradır.
“MİR” Dövlətlərarası Teleradio Şirkətindən AZƏRTAC-a bildirilib ki, birinci veriliş multimədəni və koloritli Azərbaycan SSR-ə həsr ediləcək.
Azərbaycan haqqında o zaman və indi, habelə onun paytaxtı Bakı haqqında rejissor Yuli Qusman, “Nə? Harada? Nə vaxt?”ın bilicisi Rövşən Əsgərov və əslən Bakıdan olan başqa məşhurlar söz açacaqlar. Tamaşaçılar proqram əsnasında Bakının küləklər şəhəri adlandırılmasının, SSRİ-nin bu çoxmillətli şəhərinin “Brilyant əl”, “Amfibiya adam”, “Qorxma, mən səninləyəm” kimi məşhur sovet filmlərinin çəkiliş məkanına çevrilməsinin səbəblərini öyrənəcəklər.
Bakı pomidoru dünyada məşhurdur, lakin Bakı cazı haqqında nə bilirik? Azərbaycan dünyanın neft paytaxtıdır, yoxsa xalça paytaxtıdır? Azərbaycan mətbəxi hansı xörəklərdən ibarətdir və Xəzər sahilində sağlamlığı bərpa etmək olarmı? “MİR” telekanalının tamaşaçıları bu və digər sualların cavablarını şənbə günü öyrənə biləcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var