MİSİRİN MİLLİ BAYRAMI
AzerTAg.az
Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə iyulun 25-də bu ölkənin Bakıdakı səfirliyi tərəfindən “Avropa” mehmanxanasında rəsmi qəbul təşkil edilmişdir.
Misirin Azərbaycandakı səfiri xanım Cihan Əmin Məhəmməd Əli çıxış edərək, 1952-ci il 23 iyul inqilabından ötən 51 il ərzində ölkəsinin qazandığı böyük uğurlardan bəhs etdi, MƏR-in hazırda regionun ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini vurğuladı. Diplomat Misir və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafından danışdı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin respublikamızın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış etdi. O, ilk öncə Azərbaycan Prezidenti Heydər Əliyevin adından mərasim iştirakçılarını Misirin Milli günü münasibətilə təbrik edərək, dövlətimizin başçısının dost və qardaş Misir xalqına xoşbəxtlik və firavanlıq arzularını çatdırdı.
Azərbaycan parlamentinin sədri bu əlamətdar gün münasibətilə Milli Məclisin bütün üzvlərinin təbrikini də mərasim iştirakçılarına çatdırdı.
Parlamentin sədri ölkələrimiz arasında əlaqələrin genişlənməsindən bəhs edərək, qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafında dövlət başçılarının 1994-cü ilin sentyabrında keçirilmiş görüşünün tarixi əhəmiyyətini qeyd etdi. O zaman Qahirədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev ilə Misir Prezidenti Məhəmməd Hüsni Mübarəkin görüşündə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə olunmuşdur.
Parlamentlərarası əlaqələrin inkişafına toxunan Murtuz Ələsgərov 1997-ci ilin sentyabrında Milli Məclisin nümayəndə heyətinin Parlamentlərarası İttifaqın növbəti sessiyasında iştirak etmək məqsədi ilə Qahirəyə səfərindən, Misirin ictimai və siyasi xadimləri, o cümlədən Prezident Hüsni Mübarəklə, parlamentin sədri Əhməd Sururla keçirdiyi görüşlərdən bəhs etdi. O dedi ki, Azərbaycan-Misir əlaqələri beynəlxalq təşkilatların parlament assambleyaları çərçivəsində də möhkəmləndirilməlidir. Parlamentlərarası İttifaqda, İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqında və digər beynəlxalq qurumlarda Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini almışdır.
Murtuz Ələsgərov belə bir məqamı xüsusilə vurğuladı ki, biz Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində xalqımızın üzləşdiyi ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsində Misir rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini, münaqişənin, BMT nizamnaməsinə, beynəlxalq hüququn normaları və prinsiplərinə uyğun şəkildə həll edilməsi ilə bağlı səylərini yüksək qiymətləndirir və bu məsələdə gələcəkdə də Misir xalqının və rəhbərliyinin Azərbaycanın haqq, ədalət işini müdafiə edəcəyinə tam əmindir.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavinləri Gövhər Baxşəliyeva və Ziyafət Əsgərov, hökumət üzvləri, parlamentin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var