SİYASƏT


MİSİRİN QƏLYUBİYYƏ VİLAYƏTİNİN QANATIR ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN VƏ AZƏRBAYCAN-MİSİR DOSTLUQ PARKININ AÇILIŞI OLMIŞDIR

AZƏRTAC xəbər verir ki, fevralın 7-də Misirin Qəlyubiyyə vilayətinin Qanatır şəhərində Azərbaycan-Misir dostluq parkının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu parkda ucaldılmış abidəsinin açılışı olmuşdur.

Açılış mərasimlərində Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu əl-Nəqə, Qəlyubiyyə vilayətinin valisi Ədli Hüseyn, Qanatır şəhərinin rəhbərləri, ictimaiyyətin nümayəndələri, bu münasibətlə səfərə gələn Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov, diplomatik korpusun əməkdaşları, Misirin Ayn Şəms Universitetində Azərbaycan və türk dillərində təhsil alan əcnəbi tələbələr, Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Parkın açılışını bildirən rəmzi lent kəsildikdən sonra Misirin incəsənət ustaları konsert proqramı ilə çıxış etmiş, səmaya sülh göyərçinləri buraxılmışdır.

Daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olmuşdur. Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilmiş, sonra abidə üzərindən ağ örtük götürülmüş, önünə gül-çiçək dəstələri düzülmüşdür. Hündürlüyü 3 metr olan tunc abidənin müəllifləri Səlhab Məmmədov, Akif Əsgərov və Natiq Əliyevdir. Nazir Faizə Əbu əl-Nəqə, vali Ədli Hüseyn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Z.Fərəcov və səfir F.Bağırov mərasimdə çıxış etmişlər.

Azərbaycan-Misir dostluq parkında yerləşən və Misirin birinci xanımı Suzan Mübarəkin adını daşıyan kitabxanaya ölkəmiz adından Suzan Mübarəkin bürüncdən düzəldilmiş büstü hədiyyə olunmuşdur.

Səfirlik tərəfindən kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgi açılmışdır.

Parkın yerləşdiyi Azərbaycan küçəsinin də təntənəli açılışı olmuşdur. Fevralın 6-da Misir rəhbərliyinin bu tədbirlərə xüsusi marağının

təzahürü kimi Misirin birinci xanımı Suzan Mübarək Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.