İDMAN
MİSİRLİLƏR DAHA BİR EHRAM UCALDACAQLAR, AMMA KAĞIZDAN
AZƏRTAC-ın xarici informasiya agentliklərindən alıdığı xəbərə görə, 2010-cu ilin dünya futbol çempionatını öz ölkəsində keçirmək arzusunda olan misirlilər daha bir ehram ucaldacaqlar. Çempionatın Misirdə keçirilməsini dəstəkləyən ümummilli komitənin sədri Məhəmməd Əs-Siyaqi bildirmişdir ki, aprelin 30-da Gizədəki üç böyük ehramın yanında 20 milyon açıqca-kupondan ehram yaradılacaqdır. Bu kuponları Beynəlxalq Futbol Federasiyasını (FİFA) dünya futbol birinciliyini Misirdə keçirməyə çağıran ölkə vətəndaşları imzalamışlar.
Məhəmməd Əs-Siyaqi demişdir: “Əhalinin təxminən üçdə bir hissəsi topla oyunların meydana gəldiyi yer kimi Misirin 2010-cu il çempionatının sahibi olmasını dəstəkləyərək, öz imzalarını qoymuşdur”.
Ölkənin bütün vilayətlərindən minlərlə adam yeni ehramın quraşdırılmasına baxmağa gələcək, burada böyük konsert-tamaşa göstəriləcək, marafon keçiriləcəkdir.
2010-cu ilin dünya futbol çempionatının keçirilməsinə Misirdən savayı, Tunis, Əlcəzair, Mərakeş, Liviya və CAR da namizəddir.
FİFA öz qərarını mayın 15-də açıqlayacaqdır.