İDMAN
MOİK-in idmançıları Litvada güləş üzrə keçiriləcək hərbçilərin 32-ci dünya çempionatında iştirak edəcəklər
Bakı, 19 avqust, AZƏRTAC
Beynəlxalq Hərbi İdman Şurasının keçirdiyi yarışlarda dəfələrlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini layiqincə təmsil edərək Vətənə çoxlu medallar gətirmiş Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) yetirmələri sentyabrın 18-25-də Litva Respublikasının Klaipeda şəhərində idmanın güləş növü üzrə keçiriləcək hərbçilərin 32-ci dünya çempionatında iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək.
Azərbaycan Ordusu sıralarında xidmət edən yüzlərlə idmançı hərbi xidməti ilə yanaşı idman fəaliyyətini də Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda yüksək səviyyədə davam etdirir, müxtəlif mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda 16 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və başqa yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin MOİK-in yetirmələri Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahib olublar. Onlardan 2-si qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla komandamızın hesabına 4 medal qazandırıblar.
MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar. Həmçinin 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 nəfər idmançının iştırak etdiyi bu yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.
Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra ilk dəfə Azərbaycanda keçirilib. Bununla yanaşı, SİZM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışının Azərbaycanda keçirilməsi olub.
İnanırıq ki, hərbçi pəhləvanlarımızın hər biri uğurlu nəticə eldə edərək ölkəmizə medallarla qayıdacaq.