İDMAN
MOK Olimpiya Gününü eyvanlarına çıxan paytaxt sakinləri ilə qeyd edib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Olimpiya mükafatçısı, güləşçi Rəsul Çunayevin və Azərbaycan Çerlidinq Federasiyasının milli komandasının üzvlərinin iştirakı ilə “Olimpiya günü” qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub.
Dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin koronavirusla mübarizədə “Biz birlikdə güclüyük” devizinə dəstək olaraq reallaşdırılan kompozisiya dünyada və Azərbaycanda bir ilkdir. Mayın 31-dək mərhələli şəkildə yüngülləşdirilən karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub. Eyvanlara çıxan bina sakinləri Azərbaycan Çerlidinq Federasiyasının milli komandasının üzvlərinin etdikləri hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılib.
“Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu, “Şöhrət” ordenli yunan-Roma güləşçisi Rəsul Çunayevin çıxışı və rəqsi çoşğu ilə qarşılanıb.
Sakinlər Olimpiya Gününü birgə qeyd etmək üçün eyvanlardan fəal dəstək nümayiş etdiriblər.