SİYASƏT
MOLDOVA PREZİDENTİ AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF NAZİRİNİ QƏBUL ETMİŞDİR
Beynəlxalq hava limanında nazir Fərhad Əliyevi və onu müşayiət edən şəxsləri ölkəmizin Kişinyovdakı səfirliyinin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri M.İsmayılov qarşılamışlar.
Elə həmin gün Fərhad Əliyevi Moldova Prezidenti Vladimir Voronin qəbul etmişdir.
Nazir Moldova rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırmışdır.
Prezident Vladimir Voronin ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Görüşdə iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir çox məsələlər, o cümlədən ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti müzakirə olunmuşdur.
Sonra iqtisadi inkişaf naziri Kişinyovun bir sıra sənaye obyektlərinə getmişdir. Nazir Fərhad Əliyev Moldovanın sənaye naziri Mixail Qarştya və iqtisadiyyat naziri Marian Lupu ilə də görüşmüşdür. Nazirlər, aqrar-sənaye sektoru da daxil olmaqla, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər.