RƏSMİ XRONİKA
MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİN BAKININ GÖRMƏLİ YERLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olmuşdur.
Bakı ilə tanışlığa İçərişəhərin qoşa qala qapılarından başlayan Moldova Prezidenti və onu müşayiət edənlər əvvəlcə “Azərbxalça” İstehsalat Birliyinin sərgi salonuna gəldilər. Birliyin baş direktoru, xalq rəssamı Kamil Əliyev xalqımızın qədim el sənətinin nümunələri barədə ətraflı məlumat verdi. Azərbaycan xalça sənətinin örnəkləri, bu sənəti davam etdirən məktəblərlə bağlı məlumatlar qonaqlarda böyük maraq doğurdu. Burada Moldova Prezidentinə “Pirəbədil” xalçası hədiyyə edildi. Prezident Vladimir Voronin ulu öndərimiz Heydər Əliyevin portreti toxunmuş xalçanın önündə şəkil çəkdirdi.
Moldovalı qonaqlar qədim Karvansarada da oldular. Moldova Prezidenti və digər qonaqlar burada çay süfrəsinə dəvət edildilər, qədim musiqi alətləri ansamblının ifasında Azərbaycan musiqisini dinlədilər.
Moldova Prezidentinə Bakının emblemi təsvir olunan xatirə hədiyyəsi təqdim edildi. Sonra ali qonaq Azərbaycan paytaxtının rəmzi sayılan əzəmətli Qız qalası ilə də tanış oldu, ona bu qədim memarlıq abidəsi barədə məlumat verildi.