DÜNYA
MONAKO ŞAHZADƏSİ ŞİMAL QÜTBÜNƏ SƏFƏR ETMƏYİ PLANLAŞDIRIR
AZƏRTAC-ın xüsusi müxbiri Monako şahzadəsinin keçirdiyi mətbuat konfransına istinadla bildirir ki, bir əsrdən çox Monakoya şahzadəlik etmiş Albertlərin sonuncusu - ikinci Albert 2006-cı il aprel ayının 10-19-da Şimal qütbünə səfər etməyi qərara almışdır. 7 nəfərdən ibarət elmi ekspedisiya bu səfərdə onu müşayiət edəcəkdir. Şahzadə Şimal qütbündə Rusiyanın Borneo meteoroloji stansiyasındakı tədqiqat işləri ilə tanış olacaqdır, itlər qoşulmuş kirşədə 120 kilometr yol qət edəcəkdir.
Səfəri zamanı şahzadə iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə aparılan tədqiqat işləri ilə tanış olmaq imkanı əldə edəcəkdir.
Şahzadə, həmçinin bu səfərlə müasir okeanşünaslığın bir növ atası hesab olunan ulu babası Albertin xatirəsini əbədiləşdirmək niyyətindədir.
Şahzadə bütün bunlar barədə Monakonun Coğrafiya Muzeyində keçirdiyi mətbuat konfransında açıqlama vermişdir.