SİYASƏT
“MOND” QƏZETININ SƏHIFƏLƏRINDƏ
Fransanın “Mond” qəzetinin 5-6 avqust tarixli nömrəsində erməni mənşəli fransız jurnalisti Natali Nurqayerdin Xəzər probleminə, habelə Azərbaycana həsr edilmiş məqaləsi dərc olunmuşdur. Məqalənin əvvəlində müəllif Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi və onun ehtiyatlarından istifadə olunması ilə bağlı Xəzəryanı dövlətlər – Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran arasında aparılan danışıqlar, iyulun 23-də Xəzərdə İran hərbi ğəmisinin hərəkəti barədə fransız oxucularına məlumat vermişdir. Müəllif Azərbaycanın xarici şirkətlərlə birlikdə dənizdəki yataqları işlətməsindən Bakı-Ceyhan və Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə xarici bazarlara neft çıxarmasından, Xəzərin ehtiyatları bölüşdürülərkən az pay alacağından narahat olan İranın belə bir addım atdığına işarə etmişdir.
MDB-nin üzvü olan ölkələrin dövləti başçılarının Soçidəki qeyri-rəsmi zirvə toplantısında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Xəzər sülh və əmin-amanlıq dənizi olmalıdır. Qarşıya çıxan ixtilaflar sakit şəraitdə danışıqlar yolu ilə həll olunmalıdı fikrinə istinad etmiş fransız jurnalisti İranın beynəlxalq normalara zidd hərəkətinə qalrşı Rusiyanın münasibətini vurğulamış, son zamanlar Rusiya ilə Azərbaycan arasında əlaqələrin yaxşılaşdığını, böyük təcrübəyə malik Prezidentimizin bu sahədə göstərdiyi xüsusi səyləri qeyd etmişdir.
Fransız jurnalisti ölkəmizdə aparılan əlifba islahatı barədə yazır: “Avqustun 1-dən etibarən Azərbaycanda əlifba dəyişildi. Mədəni inkişafı, tarixini qorumaq və Azərbaycanın müstəqilliyini möhkəmlətmək məqsədi ilə Prezident Heydər Əliyev Azərbaycan dilində olan rəsmi sənədlərin, kitab, qəzet və jurnalların çapında latın əlifbasından istifadə olunması barədə fərman verdi”.
Müəllif oktyabr inqilabından əvvəl xalqımızın ərəb, 1923-1939-cu illərdə latın, 1939-cu ildən isə Stalinin göstərişinə əsasən keçmiş SSRİ-nin bütün ərazilərində olduğu kimi, Azərbaycanda da kiril əlifbasına keçildiyini fransız oxucularının nəzərinə çatdırmışdır. O, bu barədə fikirlərini Prezident Heydər Əliyevin aşağıdakı sözləri ilə bitirmişdir: “Bu, böyük hadisədir və bu gün biz onu bayram edirik. XX əsrdə biz əlifbamızı bir neçə dəfə dəyişməli olmuşuq. Bu əlifba bizə doğma əlifbadır.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulmuşdur. Ermənistanın ölkəmizin ərazisini zəbt etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə 20 min soydaşımızın şəhid olduğunu, 1988-1994-cü illərdə Ermənistan ordusu tərəfindən bir milyondan artıq azərbaycanlının zorla öz doğma ocaqlarından qovularaq köçkün vəziyyətinə salınması, çadır şəhərciklərində məskunlaşaraq dözülməz və ağır şəraitdə yaşamaları məqalədə öz əksini tapmışdır.
Müəllif ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya dövlətlərinin Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək sahəsində göstərdikləri səylərin hələlik bir nəticə vermədiyini xüsusi vurğulamışdır.
Məqalə ilə birlikdə Xəzər dənizinin Qazaxıstan, Türkmənistan və Azərbaycana aid hissələrindəki yataqların, Bakı-Ceyhan və Bakı-Novorossiyski boru kəmərlərinin keçdiyi yerlərin göstərildiyi xəritə də dərc olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris