REGİONLAR
MONİTORİNQ ZAMANI GÖTÜRÜLMÜŞ NÜMUNƏLƏRİN HEÇ BİRİNDƏ QUŞ QRİPİ DAŞIYICISINA TƏSADÜF EDİLMƏMİŞDİR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, quş qripi ilə bağlı oktyabrın 22-dən başlamış 10-cu monitorinq zamanı götürülmüş nümunələrin müayinəsi başa çatmışdır. Monitorinq zamanı seçmə üsulla ovlanmış 23 çöl quşunun patoloji materialının, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilmiş 1837 ev quşunun qan nümunələrinin və 54 patoloji materialın müayinəsi keçirilmişdir.
Nümunələrin heç birində quş qripi xəstəliyinin daşıyıcısına təsadüf edilməmişdir.
Nəzarət tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Pirallahı adası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dənizsahili zonalarında həyata keçirilmişdir.
Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Noyabrın 19-da ilin 11-ci monitorinqinə start veriləcəyi nəzərdə tutulmuşdur.
Hazırda respublikamızda quş qripi xəstəliyi ilə əlaqədar epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.