REGİONLAR
MONİTORİNQ ZAMANI GÖTÜRÜLMÜŞ NÜMUNƏLƏRİN HEÇ BİRİNDƏ QUŞ QRİPİ DAŞIYICISI AŞKARLANMAMIŞDIR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, quş qripi ilə bağlı bu il noyabrın 19-dan başlanmış 11-ci monitorinq zamanı götürülmüş nümunələrin müayinəsi başa çatmışdır. Monitorinq zamanı seçmə üsulla ovlanmış 40 baş çöl quşunun patoloji materialının, 9 başının qan nümunəsinin, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilmiş 2281 ev quşunun qan nümunələrinin və 54 patoloji materialının müayinəsi aparılmışdır.
Nümunələrin heç birində quş qripi xəstəliyinin daşıyıcısına təsadüf edilməmişdir.
Nəzarət tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Pirallahı adası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dənizsahili zonalarında həyata keçirilmişdir.
Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Dekabrın 17-də ilin 12-ci monitorinqinə start veriləcəyi nəzərdə tutulmuşdur.
Hazırda respublikamızda quş qripi xəstəliyi ilə əlaqədar epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.