SİYASƏT
MOSKVADA HEYDƏR ƏLİYEVİ SEVİR VƏ QİYMƏTLƏNDİRİRDİLƏR
Görkəmli siyasətçi Heydər Əliyevin dəfn mərasimi də Rusiyanın istisnasız olaraq, bütün qəzetlərinin əsas mövzusu idi. Qəzetlər yazır ki, Azərbaycanın dövlət başçısı ehtiramla, bir çox ölkələrin rəhbərlərinin iştirakı ilə dəfn edildi. Rusiya Prezidenti Vladimir Putinin matəm mərasimində iştirak edərkən dediyi sözlər sitat gətirilir. Məsələn, “Siyasət nəhəngi” adlı məqalə dərc etmiş “Qazeta” V.Putinin aşağıdakı sözlərini oxucuların nəzərinə çatdırmışdır: “Mən Heydər Əlirza oğluna, sadəcə, münasibət bəsləmirdim, ona məhəbbətlə yanaşırdım. Mübaliğəsiz deyə bilərəm ki, o, siyasət nəhəngidir”. “Moskovskiye novosti” qəzetində verilmiş “Azərbaycan hansı yolla gedəcək” məqaləsinin müəllifi yazır ki, “münaqişədə Qərbin və Rusiyanın mənafelərinin toqquşmasından istifadə edərək, onların arasındakı amanabənd tarazlığı yalnız Heydər Əliyev kimi mahir siyasətçi qoruyub saxlaya bilərdi”. “Krasnaya zvezda” qəzetində Aleksandr Tixonov “Heydər Əliyev irsi” məqaləsində yazır ki, Heydər Əliyev ömrünün son günlərinədək “millətin lideri” kimi qalmışdır. Heydər Əliyevin Azərbaycan Prezidenti vəzifəsində olarkən bildiklərinin və gördüyü işlərin çoxu hələ bundan sonra da araşdırılmalıdır. Lakin tamamilə aydındır ki, əvvəla, o, Ermənistanla müharibəni dayandırmağa, Azərbaycanda sabitliyi qoruyub saxlamağa, Azərbaycanı içəridən dağıtmağa yönəldilmiş hər cür cəhdlərin qarşısını peşəkarcasına almağa nail olmuşdur. İkincisi, o, Rusiya ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlaya bilmişdir. Müəllif yazır ki, Heydər Əliyev bütün bunları öz işi ilə sübut etmişdir. “Kommersant” qəzeti isə dəfn prosesi, mərasimdə iştirak edənlər barədə ətraflı məlumat verir.
“Trud” qəzetindəki “Bakı: patriarxla vidalaşma” məqaləsində deyilir: “Sovet rəhbərliyi sistemində sərt rəqabət şəraitində DTK-nın əyalət əməliyyat işçisindən sovet hakim elitasının parlaq simalarından birinədək yüksəlmiş, bir çox liderləri öz fikir və iradəsi ilə razılaşmağa məcbur edən siyasətçinin karyerası sona çatdı”.
“Vremya novostey” qəzeti yazır ki, bütün Azərbaycan xalqı ümummilli lideri ilə vidalaşmağa gəlmişdi. “Azərbaycanlılar üçün Heydər Əliyev nəhəng şəxsiyyət idi. Bu gün bu həqiqəti Azərbaycanda, hətta, onun siyasi rəqibləri də etiraf etməyə məcburdurlar. Əslində, elə əvvəllər də bunu etiraf edirdilər”.
Bütün qəzet materiallarını, Heydər Əliyevin xatirəsini yad etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə gələnlərin fikirlərini araşdıraraq, yalnız bu nəticəyə gəlmək olar: Moskvada Heydər Əliyevi sevir və qiymətləndirirdilər.