MOSKVADA HEYKƏLTƏRAŞLIĞA DAİR SİMPOZİUM
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya paytaxtında Moskva hökumətinin və şəhər Mədəniyyət komitəsinin təşkilatçılığı ilə heykəltəraşlığa dair 10-cu simpozium açılmışdır. Krımskaya naberejnayadakı incəsənət parkında yerləşən və Rusiyada açıq səma altında yeganə olan nadir heykəltəraşlıq muzeyində ölkənin tanınmış sənətkarlarının əsərləri nümayiş etdirilir. Muzeyin kolleksiyasında daş, tunc, ağac və digər materiallardan hazırlanmış, böyük tarixi və bədii əhəmiyyətə malik 700-dən çox bənzərsiz müəllif əsəri saxlanılır.
Sərgidə soydaşımız, Moskva Rəssamlıq Akademiyasının üzvü, heykəltəraş Fəxrəddin Rzayevin tunc, mərmər, qranit və ağacdan hazırladığı 10 böyük və ortahəcmli əsəri də nümayiş etdirilir. Yaradıcılığında milli mövzulara əsas yer ayıran heykəltəraş xalq yaradıcılığı ənənələrinə sadiq qalmışdır. Onun simpoziuma çıxarılmış əsərləri arasında “Busə”, “Səhəngli qız”, “İntizar”, mərmər və daşdan hazırlanmış digər kiçikqabaritli heykəllər xüsusi maraq doğurur.
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin və Surikov adına Rəssamlıq İnstitutunun məzunu olan F.Rzayev müxtəlif ümumrusiya və beynəlxalq heykəltəraşlıq müsabiqələrinin daimi iştirakçısıdır. Onun əsərləri Almaniya, Portuqaliya və Livanda nümayiş etdirilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var