MƏDƏNİYYƏT


MOSKVADA “İRS-NASLEDİYE” BEYNƏLXALQ AZƏRBAYCAN JURNALININ TƏQDİMATI KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyi və Azərbaycan Yazıçılar Birliyi artıq üç ildir Moskvada çıxan və istər burada və Rusiyanın regionlarında, istərsə də MDB ölkələrində geniş oxucu dairəsi olan yeganə beynəlxalq Azərbaycan jurnalının - “İrs-Naslediye”nin Moskvada təqdimatını və müzakirəsini keçirmişlər.

Yazıçılar İttifaqları Beynəlxalq Birliyi (YİBB) İcraiyyə Komitəsinin konfrans salonunda keçirilən mərasimdə Rusiyanın tanınmış alimləri və ədibləri, YİBB-nin, Dünya Ədəbiyyatı İnstitutunun, Çingiz Aytmatov Fondunun nümayəndələri, “Drujba narodov”, “Exo Kavkaza” jurnallarının, habelə Rusiyanın müxtəlif ictimai təşkilatlarının rəhbərliyi, Azərbaycan ziyalılarının təmsilçiləri iştirak etmişlər.

YİBB sədrinin birinci müavini Arsen Larionov mərasimi açaraq dedi ki, “İrs-Naslediye” jurnalının təqdimatı Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına böyük təkan verən yazıçılar ittifaqları birliyi üçün böyük hadisədir. O, YİBB-nin sədri Sergey Mixalkovun təbrikini oxudu. Təbrikdə jurnalın, onun redaksiya heyətinin fəaliyyəti yüksək qiymətləndirilir, onlara yeni-yeni uğurlar arzu edilir. Tədbirdə ölkəmizin Rusiyadakı səfiri Ramiz Rizayevin və Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyevin təbrikləri də oxundu.

Mərasimdə çıxış edən Rusiya və Azərbaycan ədibləri, alimləri jurnalı müsbət qiymətləndirərək bildirdilər ki, o, ölkənin fəaliyyətinin bütün sahələrini işıqlandırır, müasir Azərbaycanın obrazını yeni səpkidə əks etdirir. Jurnal azərbaycanlıların və ölkəmizdə məskunlaşmış digər xalqların adət və ənənələri ilə bağlı diqqətəlayiq məqalələrlə zəngindir və bu yazılar oxucuya rəngarəngliyə, plüralizmə və dini dözümlülüyə əsaslanan Azərbaycan mədəniyyətini daha yaxşı başa düşməyə imkan verir. Müzakirə iştirakçıları jurnalın Rusiya-Azərbaycan münasibətlərinin inkişafına daha geniş yer verməsini, tirajını artırmasını, hər ay çıxmasını habelə iki səhifəsini Yazıçılar İttifaqları Beynəlxalq Birliyinin müəllifləri üçün nəzərdə tutmasını arzu etdilər.

Qeyd etmək lazımdır ki, Qarabağ mövzusu jurnalın bütün nömrələrində əksini tapır. Bu mövzuya dair materiallarda naşirlər Azərbaycan ərazilərinin 20 faizinin işğalına, çoxsaylı insan tələfatına, bir milyondan çox adamın qaçqın və köçkün həyatı sürməsinə gətirib çıxaran bu elan edilməmiş müharibədə Azərbaycanın haqq səsini dünya birliyinə çatdırmağa çalışırlar.

“İrs-Naslediye” jurnalının baş redaktoru Musa Mərcanlı çıxışında nəşrin kollektivinin ünvanına səmimi sözlərə görə təşəkkürünü bildirərək dedi ki, məcmuənin naşirləri özlərinin başlıca vəzifələrindən birini Azərbaycanın mədəni və mənəvi irsinin qorunub saxlanmasında, xalqımızın keçdiyi böyük tarixi yola hörmət bəslənməsində görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.