DÜNYA
MOSKVADA “İSLAM VƏ İUDAİZM: DİALOQ VƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ FORUM KEÇİRİLMİŞDİR
Forumun birinci ümumi hissəsində Rusiya Müftilər Şurasının (RMŞ) sədri Ravil Qaynutdin və Rusiyanın baş ravvini Adolf Şayeviç, habelə Avropa-Asiya Yəhudi Konqresinin (AAYK) prezidenti Aleksandr Maşkeviç, Ümumdünya Demokratiyanın İnkişafı Fondunun prezidenti Fəttah Şodiyev və RMŞ nümayəndəsi Fərid Əsədullin məruzə etmişlər.
R.Qaynutdinin məruzəsi “Quranda təsbit edilmiş müxtəliflikdə birlik prinsipi”nin təfsilatı ilə açıqlanmasına həsr olunmuşdur. O vurğulamışdır ki, vicdan azadlığı və dini etiqad azadlığı prinsipləri Quranda təsbit edilmişdir. İslam prozelitizmi, yəni “moizəni könüllu olaraq dinləmək istəməyən adamlara təzyiq formasında missionerliyi” yasaqlayır. Müfti müsəlmanların “əhlül-Kitaba” – yəhudilərə və xaçpərəstlərə xüsusi hörmətcil münasibət bəslədiklərini, Quranda digər dinlərin nümayəndələrinə də hörmətdən söhbət getdiyini bildirmişdir. O, islamla iudaizmin “ümumi dini kökləri” olduğunu xatırladaraq, Rusiya müsəlmanları və yəhudilərinin uğurla inkişaf edən əməkdaşlığından danışmışdır.
Forum çərçivəsində “Dialoqun tarixi və dini aspektləri” və “Avropa-Asiya regionunun müsəlman və yəhudi təşkilatları arasında əməkdaşlığın müasir praktikası” mövzusunda iki “dəyirmi masa” keçirilmişdir.