SİYASƏT
MOSKVADA NÜVƏ SİLAHININ YAYILMAMASI MÖVZUSUNDA XİN-LƏRARASI MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLMİŞDİR
Azərbaycanın Rusiyadakı səfirliyinin ikinci katibi Ceyhun Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iştirakçılar nüvə silahının yayılmaması sahəsində vəziyyətə aid məsələlər, 2005-ci il konfransına hazırlıq komitəsinin cari ilin aprel-mayında Nyu-Yorkda keçirilmiş üçüncü sessiyasının yekunları, habelə istər 2005-ci il konfransına hazırlıq zamanı, istərsə də tədbirin özünün gedişində MDB ölkələrinin fəaliyyətinin perspektivləri və əlaqələndirilməsinin mümkünlüyünü müzakirə etmişlər.
Məsləhətləşmələrin yekunlarına dair qəbul edilmiş protokolda deyilir ki, tərəflər, yəni “Nüvə silahının yayılmaması haqqında” müqavilənin iştirakçısı olan MDB dövlətləri həmin müqaviləyə dair icmal konfransına hazırlığın gedişində də, konfrans zamanı da sıx qarşılıqlı fəaliyyət göstərəcəklər.
Məsləhətləşmələrdə Rusiya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Özbəkistan, Ukrayna, Ermənistan nümayəndələri, habelə MDB İcraiyyə Komitəsinin təmsilçiləri iştirak etmişlər.
Azərbaycan, Gürcüstan və Moldovanın nümayəndə heyətləri məsləhətləşmələrdə müşahidəçi kimi təmsil olunmuşdular.