MOSKVADA QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN DAİMİ NÜMAYƏNDƏLİYİ AÇILMIŞDIR
AzerTAg.az
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin Rusiyada daimi nümayəndəliyi açılmışdır. Açılış mərasimində Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin dəvəti ilə burada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam hacı Allahşükür Paşazadə iştirak etmişdir.
A.Paşazadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Moskvada daimi nümayəndəliyin açılması rus pravoslav kilsəsi başçısının və Moskva hökumətinin köməyi sayəsində mümkün olmuşdur və bunu pravoslav və müsəlman icmaları arasında əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində əlamətdar hadisə saymaq olar. Beləliklə, istər Rusiyada yaşayan müsəlmanlar və Azərbaycanda yaşayan pravoslav xristianlar üçün dini etiqadların icrasından ötrü bərabər şərait yaradılmışdır.
Şeyxülislam jurnalistlərin suallarına cavab verərkən, II Aleksi ilə görüşündən məmnun qaldığını söyləmiş, nümayəndəliyin yaradılmasına diqqət və dəstək göstərdiklərinə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, Ümumrusiya Azərbaycan Konqresinə təşəkkürünü bildirmişdir.
Qafqazda sülhün və sabitliyin bərqərar olmasında dini liderlərin nə kimi rol oynadıqları barədə AZƏRTAC-ın müxbirinin sualına cavabında A.Paşazadə vurğulamışdır ki, onların hər hansı münaqişələrin sülh yolu ilə nizama salınmasına dair çağırışları dövlətlərimizin apardığı siyasətə mənəvi dəstəkdir və konfessiyaların başçıları bəzi qüvvələrin münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini dinlərin münaqişəsinə çevirmək cəhdlərinin qarşısını ala bilər. A.Paşazadə demişdir ki, ölkəmizin ərazi bütövlüyü prinsipinə əməl olunmasının zəruriliyini bildirən zati-müqəddəsləri II Aleksinin Azərbaycan və Ermənistanın dini liderlərinin danışıqlarında fəal vasitəçi kimi çıxış etməsi bizim üçün çox vacib və qiymətlidir. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin fikrincə, dini liderlərin ünsiyyəti Azərbaycan Prezidenti Heydər Əliyevin ədalətli sülh əldə olunmasına yönəldilmiş siyasətinə dəstəkdir.
Şeyxülislam Azərbaycan dövləti başçısının Sankt-Peterburqa səfərinin və Rusiya Prezidenti Vladimir Putin ilə görüşlərinin yekunlarına toxunaraq vurğulamışdır ki, V.Putin Rusiya Prezidenti seçiləndən sonra dövlətlərimiz və xalqlarımız arasında münasibətlər xeyli yaxşılaşmışdır. Bakıda rus pravoslav kilsəsi yeparxiyasının açılması da xalqlarımız arasında qarşılıqlı anlaşmanın və tarixi yaxınlığın, Azərbaycanda konfessiyalararası problemlərin olmadığının daha bir sübutudur. Əlbəttə, bütün bunlarda ağsaqqal, müdrik və uzaqgörən siyasətçi kimi hamının böyük hörmət bəslədiyi Azərbaycan Prezidenti Heydər Əliyevin müstəsna xidməti var.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Zeynal Nağdəliyev ilə də görüşmüşdür. Söhbət zamanı bu iki strukturun Rusiyada yaşayan həmvətənlərimizin əmin-amanlığına yönəldilmiş fəaliyyətini əlaqələndirmək, bir çox problemləri birgə həll etmək məsələləri müzakirə olunmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var