MOSKVADA TERRORİZMLƏ MÜBARİZƏYƏ DAİR RUSİYA-ABŞ MƏSLƏHƏTLƏŞMƏLƏRİ KEÇİRİLİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 28-də Moskvada terrorizmlə mübarizəyə dair Rusiya-ABŞ işçi qrupunun iclası keçirilmişdir. İclasda iki ölkə arasında terrorizmlə mübarizə sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur.
ABŞ dövlət katibinin birinci müavini, işçi qrupun ABŞ hissəsinin sədri Riçard Armitac terrorizm probleminə dair müzakirələrdə iştirak etmək üçün Moskvaya gəlmişdir.
Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanovun və ABŞ dövlət katibinin birinci müavini Riçard Armitacın Kremldə keçirilmiş görüşündə Rusiya-ABŞ işçi qrupunun terrorizmlə mübarizə sahəsində fəal işinin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır. Tərəflər bildirmişlər ki, iki ölkə arasında qarşılıqlı fəaliyyət strateji bazaya əsaslanır. R.Armitac qeyd etmişdir ki, “qarşılıqlı fəaliyyətimiz ölkəmizə kimin rəhbərlik etməsindən asılı deyil”. O demişdir ki, heç bir ölkə terrorizmdən Rusiya qədər zərər çəkməmişdir və bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün müntəzəm tədbirlər görmək lazımdır.
İ.İvanov bildirmişdir ki, terrorizmlə və digər təhdidlərlə mübarizədə beynəlxalq və ikitərəfli səylərin əlaqələndirilməsi ilə bağlı məsələlər bu gün həm Rusiyanın, həm ABŞ-ın, həm də bütün dünyanın milli təhlükəsizliyi üçün xüsusilə böyük əhəmiyyətə malikdir.
Xəbərin mətnində orfoqrafik səhv var