DÜNYA
MOSKVA DÖVLƏT TARİX MUZEYİNDƏ İSLAM SƏRGİSİ AÇILACAQ
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, avqustun 17-də Rusiya paytaxtındakı Dövlət Tarix Muzeyində “Moskva külliyyatlarındakı İslama dair əlyazma kitabı” sərgisi açılacaqdır. Sentyabrın 20-dək davam edəcək sərgidə Moskva kitabxanaları və muzeylərində saxlanılan nadir ərəb, fars və türk əlyazmaları ilk dəfə üzə çıxarılacaqdır.
Sərgini açmaqdan əsas məqsəd ictimaiyyəti nadir Şərq xəttatlığı, tarix və mədəniyyət inciləri ilə tanış etməkdir.
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birgə təşkil edilən sərgi şərqşünasların avqustun 16-dan 21-dək Moskvada keçiriləcək Beynəlxalq konqresinə həsr olunmuşdur.
Bu, son yüz il ərzində Moskvada ilk və yeganə belə sərgidir.