CƏMİYYƏT
MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN KİMYA FAKÜLTƏSİNDƏ NARKOTİKLƏR HAZIRLANIRMIŞ
AZƏRTAC xəbər verir ki, Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Rusiya Federal Xidməti Moskva Şəhər İdarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin məlumatına görə, gənclərin paytaxtda keçirilən şənliklərinin iştirakçıları arasında yüksək keyfiyyətli amfetamin geniş yayılmışdır.
Kompleks tədbirlər görülməsi nəticəsində narkopolislər bu biznesin təşkilatçıları olan 10 nəfər gəncdən ibarət qrupu müəyyənləşdirə bilmişlər. Sonrakı yoxlamalar göstərmişdir ki, cinayətkar qrupun bütün təşkilatçıları moskvalılar, paytaxtın nüfuzlu ali məktəblərinin tələbə və məzunlarıdır. Onlar öz məhsulunu tərifləyərək bildirirdilər ki, bu maddəni Moskvada diplomlu kimyaçı mütəxəssislər elmi-praktik baza əsasında hazırlayır və buna görə də onun keyfiyyətinə və təmizliyinə təminat verirlər.
Həmçinin müəyyən edilmişdir ki, amfetaminin istehsalında reagentlər (prekursorlar) kimi MDU-nun tədris prosesi üçün aldığı kimyəvi reaktivlərdən istifadə olunurdu.
Amfetamin istehsalı və satışı faktı ilə əlaqədar üç cinayət işi qaldırılmışdır.
Xatırladaq ki, amfetamin mərkəzi əsəb sisteminə həyəcanlandırıcı təsir göstərən psixostimulyatordur və əlavə fəsadlar verdiyinə görə, indi ondan müalicə praktikasında istifadə edilmir.