MƏDƏNİYYƏT


“MOZALAN: BİZ VƏ ZAMAN” SATİRİK KİNOJURNALLAR FESTİVALININ TƏNTƏNƏLİ BAĞLANIŞI OLMUŞDUR

Yanvarın 23-dən 30-dək bakılılar sovet dövründən bəri cəmiyyətdəki əyər-əksiklikləri məsxərəyə qoyan “Mozalan” satirik kinojurnalının “səhifələrini vərəqləmişlər”.

Yanvarın 23-27-də “Araz” kinoteatrında 38 süjet, kinofestivalın bağlanış günü – yanvarın 30-da isə daha 20 süjet nümayiş etdirilmişdir.

32 il ərzində, ümumən, kinojurnalın 178 buraxılışı olmuşdur. Kinofestivalın proqramına ötən əsrin 70-ci illərində çəkilən ilk 100 film daxil edilmişdi.

Kinojurnalı görkəmli rejissorlar Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Arif Babayev, Oqtay Mirqasımov, habelə Cəmil Fərəcov və Ceyhun Mirzəyev, aktyorlar Nəsibə Zeynalova, Əliağa Ağayev, Məlik Dadaşov, Fazil Salayev, Muxtar Maniyev, Səyavuş Aslan, Yaşar Nuri, Həsən Məmmədov, Hacı İsmayılov və baş redaktor Eyvaz Borçalı yaratmışlar.

Hər şeydən görünürdü ki, ötən günləri xatırladan bu tədbir bakılıların ürəyincə idi, xüsusən də yaşlı nəslin nümayəndələrinin.

Festivalın nəticələrinə əsasən, “Ən yaxşı bədii süjetə görə”, “Ən yaxşı aktyor oyununa görə”, “Ən obyektiv tamaşaçı” və “Ən obyektiv jurnalist” nominasiyaları üzrə prizlər və pul mükafatları təqdim olunmuşdur. Qaliblər kinosüjetlər göstərilərkən tamaşaçılara paylanmış anket əsasında müəyyənləşdirilmişdir.

Təəssüf ki, rejissor Teymur Bəkirzadə dünyasını dəyişmişdir. Odur ki, “Ən yaxşı bədii süjetə görə” mükafat alan “Arzu” süjeti üçün mükafat onun oğluna – gənc səs rejissoru Bəkir Bəkirzadəyə təqdim edilmişdir. Mərhum Fazil Salayev ən yaxşı aktyor adlandırılmışdır. Mükafat onun ömür-gün yoldaşı Fəridə xanıma təqdim olunmuşdur. Ceyhun Məmmədov ən obyektiv tamaşaçı, STV telekanalının jurnalisti Ramil Ələkbərov isə ən obyektiv jurnalist hesab edilmişdir.

Kinojurnalın musiqi redaktoru Rafiq Əliyevin peşəkarlığını xüsusi qeyd etmək lazımdır. Onun məharətlə seçdiyi musiqi süjetlərə xüsusi milli kolorit verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.