MSK-DA SEÇKİ KOMİSSİYALARI SƏDRLƏRİNİN İŞTİRAKI İLƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AzerTAg.az
İyulun 26-da Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar 57-117 saylı dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Mərkəzi Seçki Komissiyası üzvləri və katibliyinin məsul əməkdaşlarının da iştirak etdiyi müşavirəni giriş sözü ilə Komissiyanın sədri Məzahir Pənahov açaraq, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar görülən hazırlıq işləri barədə məlumat vermiş, seçicilərin maarifləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən danışmışdır. O, prezident seçkilərinə hazırlığın bütün mərhələlərini əhatə edən təlimatların, əsasnamələrin, izahların və digər normativ sənədlərin yerlərə göndərilməkdən ötrü mətbəə üsulu ilə çap edildiyini, dövri mətbuat səhifələrində, dövlət televiziya və radiosu kanallarında MSK üzvləri tərəfindən geniş izahat işlərinin aparıldığını bildirmişdir. Sədr bütün bunların Azərbaycanda prezident seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsinə xidmət edəcəyini xüsusi vurğulamış, çox sayda beynəlxalq seçki qurumları nümayəndələrinin müşahidəçi qismində dəvət olunacağını söyləmişdir.
Məzahir Pənahov Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması sayəsində seçkilərin demokratik dəyərlərə sadiqlik prinsipləri əsasında keçirilməsi üçün geniş imkanlar yarandığını xatırlatmışdır. Seçkilərin Avropa standartlarına uyğun olaraq, ədalət prinsiplərinə ciddi əməl edilməklə keçirilməsi sayəsində respublikamızın demokratiyanın durmadan inkişaf etdiyi ölkələr sırasına çıxdığını vurğulayan Məzahir Pənahov indiki prezident seçkilərində də ancaq qanunun aliliyinin rəhbər tutulacağına inamını bildirmişdir. O, bunun üçün Azərbaycanda möhkəm hüquqi baza formalaşdığını xatırlatmış, seçkilərdə demokratik dəyərlərə təminat məsələsinin tam reallaşmasına nail olmaq üçün dairə seçki komissiyalarının üzərinə düşən vəzifələrin məsuliyyətindən də danışmış, heç bir qanun pozuntusuna yol verməməkdən ötrü sayıq olmağa çağırmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun “ Dairə seçki komissiyalarının fəaliyyəti barədə” çıxışı öz aktuallığı baxımından iştirakcıların marağına səbəb olmuşdur. O, dairə seçki komissiyalarının fəaliyyətində bir sıra məqamlara aydınlıq gətirmişdir.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun “Dairə seçki komissiyalarının formalaşmasının yekunu haqqında”, MSK üzvü Azər Tağıyevin “Azərbaycan Respublikası prezidentliyinə namizədlərin seçkiqabağı təşviqatının aparılması qaydaları” haqqında məlumatları da dinlənilmişdir. Bu məsələlər ətrafında müzakirələr olmuş, dairə seçki komissiyalarının sədrlərini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Müşavirədən sonra dairə seçki komissiyalarının nümayəndələrinə Seçki Məcəlləsi, Təlimatlar toplusunun birinci kitabı, Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı, surətçıxaran aparatlar, dairə seçki komissiyalarının möhürləri, vəsiqələr və digər materiallar verilmişdir.
İyulun 28-də 1-56 saylı dairə seçki komissiyalarının və işğal olunmuş rayonlar üzrə dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə müşavirə keçirilməsi nəzərdə tutulmuşdur.
Müşavirədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var