SİYASƏT
MSK sədri: Bələdiyyə seçkilərini izləmək üçün seçki məntəqələrində xüsusi kreslolar qoyulub
Bakı, 23 dekabr, AZƏRTAC
Bələdiyyə seçkilərini izləmək üçün seçki məntəqələrində xüsusi kreslolar qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin kreslolar elə qoyulub ki, bütün məntəqəni müşahidə etmək imkanı verir. Ümumilikdə, müşahidəçilərin fəaliyyəti üçün həmişə olduğu kimi bu dəfə də yüksək şərait yaradılıb. Seçkilərin şəffaf keçirilməsi üçün həm namizədlərə, həm də seçicilərə hər cür şərait yaradılıb.
MSK sədri əlavə edib ki, artıq səsvermə başlayıb və istənilən şəxs Mərkəz Seçki Komissiyasının saytına daxil olmaqla onlayn şəkildə veb-kameralar vasitəsilə seçki prosesini izləyə bilərlər. Azərbaycanda ötən ilin sonundan başlayaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. “Məndə olan məlumata görə, 1.5 milyon vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi paylanılıb. Onların 1 milyondan çoxu seçici hüququ olanlardır. Biz yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyanların da səs vermələri üçün müvafiq şərait yaratmışıq”, - deyə o bildirib.