MƏDƏNİYYƏT
MÜƏLLİF HÜQUQLARI QORUNUR
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində son iki ildə əsərləri daha geniş istifadə olunan 150 müəllifə məxsus 4500 musiqi əsərinin elektron arxivləşdirilməsi aparılmış, bu məlumat Türkiyə, Rusiya və digər ölkələrin müvafiq orqanlarına çatdırılmışdır.
Agentlikdə AZƏRTAC-ın müxbirinə demişlər ki, cari ilin 2 ayında 9 müəllifin 45 musiqi əsəri arxivləşdirilmişdir. Bununla yanaşı, müəllif hüquqlarının tanınması, müəllif-hüquq məkanının yaradılması sahəsində layihə və təkliflərin, ekspert rəylərinin, analitik arayışların və tövsiyələrin hazırlanması həcmi artırılmışdır.
Lisenziya sazişlərinin qanunauyğunluğunun yoxlanması və icrası üzrə fonoqram buraxılışında keçən il 141 sifarişə baxılmış, razılıq verilmişdir. Bu ilin 2 ayında 32 sifariş alınmışdır. Əsərlərin qeydıyyatı ilə baglı müəlliflərə və digər hüquq sahiblərinə 2002-ci ildə 117, 2003-cü ildə 150, 2004-cü ilin 2 ayında 33 şəhadətnamə verilmişdir.