ELM VƏ TƏHSİL
‘MÜƏLLİMLƏR’ KİTABI NƏŞR OLUNMUŞDUR
“Çaşıoğlu” nəşriyyatı filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Şamil Qurbanovun “Müəllimlər” kitabını çapdan buraxmışdır. “Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir”. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu sözləri ilə açılan kitaba ölkəmizin bir çox görkəmli müəllimləri haqqında oçerklər daxil edilmişdir. İndiyə qədər 30-dan artıq kitabın müəllifi olan Ş.Qurbanovbu dəfə müəllimləri haqqında təhqiqat aparmış, onların həyat və xidmətlərindən obyektiv, səmimi söhbət açmışdır. Burada müəllifin şəxsən tanış olmadığı, lakin özünün mənəvi müəllimləri hesab etdiyi, adları milli maarif tariximizə qızıl hərflərlə yazılmş Həsən bəy Zərdabi, Aleksey Osipoviç Çernyayevski, Məmməd Qarayev, Rəhim bəy Məlikov, Rəşid bəy Əfəndiyevlə yanaşı, Şamil müəllimin bilavasitə təmasda olduğu, nümunə götürdüyü müəllimlər haqqında da materiallar vardır.