İQTİSADİYYAT
MÜƏSSİSƏDƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Göyçay-Süd” ASC-də istehsal olunan müxtəlif çeşiddə meyvə şirələri hazırda Estoniya, Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Qazaxıstan , Almaniya və İsrailə ixrac olunur.
Beynəlxalq standartlara cavab verən meyvə şirələrinin çeşidini artırmaq və xarici bazarda rəqabətə davamlılığını gücləndirmək məqsədi ilə müəssisənin nəzdində məhsulların şüşə qablara avtomatik doldurulması sexi yaradılmışdır. 400 kvadratmetr sahəsi olan yeni sexdə 1 milyon manatlıq müasir İtaliya avadanlığı quraşdırılmışdır. Yaxın günlərdə istifadəyə veriləcək sexdə 15 nəfər daimi işlə təmin ediləcəkdir. Bundan sonra məhsullar kağız paketlərlə yanaşı, şüşə qablarda da satışa çıxarılacaqdır.
Hazırda 80 nəfərin çalışdığı müəssisədə istehsal edilən süd məhsulları yerli bazarla yanaşı, Gürcüstan və Qazaxıstana da ixrac edilir. Hər gün təxminən 6 min vətəndaşdan süd alan zavodun Göyçay, Bərdə, Yevlax, Xanlar, Gəncə, Ağdaş və Masallıda süd qəbulu məntəqələri fəaliyyət göstərir.