SİYASƏT
MÜƏSSİSƏNİN UĞURLARINDA VETERANLARIN DA SANBALLI PAYI VAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son iki il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə şuranın sədri İsmayıl Behbudov çıxış etmişdir. O, ümummilli liderimiz Heydər Əliyevin iqtisadi siyasəti sayəsində neft sənayesinin bu qocaman müəssisəsinin dirçələrək inkişaf yoluna çıxdığını konkret faktlarla əsaslandırmışdır. Natiq bildirmişdir ki, Heydər Əliyevin xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də zavodun kollektivinə diqqət və qayğı göstərir. Ötən il 2002-ci ildəkindən 35 faiz çox - 1 milyard 104 milyon manatlıq məhsul istehsal edilmiş, 758 milyon manat gəlir götürülmüşdür. Bu müddətdə orta aylıq əmək haqqı da artmış, 2002-ci ildəki 306 min manatdan 483,5 min manata çatmışdır. Bu ilin 6 ayında isə orta aylıq əmək haqqı 565 min manat təşkil etmişdir.
İstehsal olunan məhsulların keyfiyyəti yüksəlmiş, onlar beynəlxalq standartlara uyğunluq sertifikatına layiq görülmüşdür. Bütün bu nailiyyətlərdə Cavid Həsənovun, Leonid Xromovun, Qəzənfər Məmmədovun, İsaməddin Qurbanovun, Paşa Salahovun, Oqtay Eyvazovun və başqa veteranların da sanballı payı vardır. Onlar əmək kollektivinin ənənələrini yaşadır, təcrübələrini gənclərə və müəssisəyə yeni gələnlərə həvəslə öyrədirlər.
Konfransda İsmayıl Behbudov yenidən şuranın sədri seçilmişdir.