SİYASƏT
MÜDAFİƏ NAZİRİ SƏFƏR ƏBİYEVİN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Möhtərəm xanımlar və cənablar!
Əldə olan məlumata görə, respublikada bir neçə terror qrupu yaradılmışdır. Onların qarşısında dövlət obeyktlərini tutmaq və öz hakimiyyətini yaratmaq vəzifəsi qoyulmuşdur. Bildiyiniz kimi, həmin qrupların başçıları məşhur şəxslər idi. Alınmış məlumatlar onların hərəkətlərini lokallaşdırmaq, terror əməllərinə yol verməmək üçün tədbirlər görməyə məcbur edirdi. Bu məqsədlə Xüsusi Təyinatlı Polis Dəstəsinin olduğu yeri lazımi miqdarda bölmələr cəlb etməklə mühasirəyə almaq qərarı qəbul olundu.
Bildiyiniz kimi, ötən gecə saat 2-də hərbi hissəyə gözlənilmədən edilən hücum zamanı 4 əsgər vəhşicəsinə öldürülmüşdür. Quldurlar döyüş əməliyyatını tədricən genişləndirmiş, iriçaplı pulemyotları, idarə olunan raketləri, avtomat və qumbaraatanları işə salmışlar. Qısa bir vaxtda böyük bir məhəllədə evlərin, məktəblərin, uşaq bağçalarının damlarında mövqe tutmuşdular. Halbuki, hələ dünən Prezident XTPD-nin şəxsi heyətinin əfv olunacağı barədə Fərman vermişdir.
Hökumət qoşunlarının bölmələri ancaq atıcı silahlarla silahlanmışdılar. Qoşunlarda heç bir döyüş texnikası yox idi. Lakin iki saat ərzində qoşunlarımız silahlı qruplaşmaların həmləsinin qarşısını almışdılar. Bu qruplaşmalar bizim bölmələrin mövqeyini yarmağa, dövlət əhəmiyyətli obyektləri tutmağa can atırdılar.
Gecə saat 4-də hökumət qoşunları hücuma keçdi və səhər saat 11.40 dəqiqəyədək həmin qruplaşmaları tamamilə darmadağın etdi. Döyüş nəticəsində ölənlər və yaralananlar var. Silahlı qruplaşmalar tamamilə tərkisilah edilmişdir. Hazırda hökumət qoşunlarının bölmələri daimi məskən yerlərinə qayıtmışlar.