ELM VƏ TƏHSİL
MÜDRİKLİYƏ, HİKMƏTƏ MƏHƏBBƏT OYADAN ELM
Elmlər elmi olan fəlsəfə dünya, cəmiyyətlə birlikdə daim inkişafdadır. Buna görə də fəlsəfənin öyrənilməsi daimilik və aramsızlıq tələbi edir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin bu günlərdə rus dilində çapdan çıxmış “Fəlsəfə” kitabı da məhz həmin məqsədə xidmət edir.
Təhsil Nazirliyinin bu əsəri ali məktəblər üçün tədris vəsaiti, - kitab oxucuya məhz belə təqdim olunur, - kimi tövsiyə etməsinə baxmayaraq, onunla hətta ötəri tanışlıq zamanı aydın görünür ki, o, geniş oxucu kütləsinin də nəzərindən yayınmayacaqdır. Ön sözdən və 27 fəsildən ibarət kitabda bütün əsas fəlsəfi kateqoriyalar o qədər aydın şərh edilir, bu elmin tarixi, fəlsəfi baxışların inkişafı, Qədim Yunanıstan və Romadan, Çin və Hindistandan, qədim və orta əsrlər Azərbaycanından və Azərbaycan İntibahından başlamış çağdaş dövrün alimlərinədək filosoflar haqqında o qədər sadə və anlaşıqlı dildə söhbət açılır ki, onu tam əminliklə nəinki dünya kimi qədim və eyni zamanda müasir anlayışları öyrənməyə, həm də bunlara gündəlik həyatda əməl etməyə çağıran çox maraqlı və oxunaqlı kitablar sırasına aid etmək olar.
Kitabın məğzini dahi Sokratın həyatın mənası haqqında mühakimələrinin məntiqi təşkil edir: insan dünyaya həqiqəti anlamaq, yaxşılıq, xeyirxahlıq üçün və bunların hamısını gözəl etmək üçün gəlir. Həqiqətin, Xeyirxahlığın və Gözəlliyin vəhdəti – insanın həyatda təyinatı və qayəsi, bax, budur. İnsan yalnız o zaman insan olur ki, həqiqət ondan ötrü hər şeydən əziz olsun. Əsərin müəllifi bu fikri daim vurğulayaraq, bir çox klassik filosofların dünyaya baxışlarının geniş təhlilini verir, hər birimizi necə yaşadığımız barədə və həmin həqiqətləri unutsaq haraya gəlib çıxaçağımız haqqında düşünməyə vadar edir.
Müəllif yazır ki, bütün nəsilləri müşayiət edən, cəmiyyət elmi və texniki inkişaf yolunda nə qədər irəliləsə də, öz aktuallığını və mənasını bütün zəmanələrdə saxlayan xeyir və şər problemi kimi əbədi problemlər də var. Odur ki, yalnız fəlsəfəyə, bu elm vasitəsilə bəşəriyyətin inkişaf proseslərinə müasir aktual problemlərlə birlikdə dərindən bələd olmaq insanın həqiqəti dərk etməsinə imkan verəcəkdir.
Kitabda XIII-XVIII və XIX-XX əsrləri əhatə edən Yeni dövr Azərbaycan fəlsəfi fikrinin təşəkkülünə xüsusi yer ayrılır. Müəllif Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Məhəmmədəli Kazımbəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi və dünya fəlsəfə elminin tarixinə əvəzsiz töhfələr vermiş bir sıra digər görkəmli mütəfəkkirləri xatırlayır.
Kitabın son fəsillərindən birində müəllif siyasi fəlsəfəni və ideologiya problemlərini, XX əsrin axırları – XXI əsrin əvvəllərinin siyasi proseslərinin fəlsəfi mənasını araşdırır və göstərir ki, bütün siyasi prosesləri sistemli şəkildə, iqtisadi, sosial və ideoloji inkişaf məsələləri ilə vəhdətdə və qarşılıqlı əlaqədə nəzərdən keçirmək lazımdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rəy verdiyi kitabın Nəticəsində qeyd edilir ki, bu dərs vəsaiti bir çox cəhətdən yeni ruhda yazılmış tədris ədəbiyyatıdır. Bu, həqiqətən, belədir. Çünki hətta adi gözlə də görünür ki, tələbələrin, necə deyərlər, sessiyadan sessiyaya müraciət etdikləri bir çox “quru” və ehkamçı dərsliklərdən fərqli olaraq, bu əsəri fəlsəfəyə vurğun insan yaratmışdır.