MƏDƏNİYYƏT


MUĞAM USTALARIMIZ TƏBRİZLİLƏRİ HEYRAN ETMİŞDİR

İrandakı Təbriz Universitetinin müəllimi, şair, ədəbiyyatşünas və musiqi bilicisi Xosrov Sərtibi Azərbaycan klassik muğamlarının, o cümlədən zərb-muğamlarının, xalq mahnılarının, aşıq musiqilərinin vurğunu, pərəstişkarı və təbliğatçısıdır. Onun dəvəti ilə bu il fevralın 16-dan 24-dək respublikamızın incəsənət ustalarından bir qrupu - əməkdar artistlər, tarzən Möhlət Müslümov, müğənni Teymur Mustafayev, kamança çalan Fəxrəddin Dadaşov, saz ustadı Ədalət Nəsibov və xanəndə Zabit Nəbizadə Təbrizdə ilk dəfə vahid ansambl kimi çıxış etmişdir. 

Azərbaycanlı musiqiçilərin çıxışları Təbriz şəhərinin məşhur konsert salonlarından birində olmuşdur. İki hissəlik konsert proqramında klassik muğam və xalq mahnılarımızln zəngin təranələri, eyni zamanda musiqiçilərimizin ifasının ahəngdarlığı, səlisliyi və bir-birlərini yaxşı başa düşmələri təbrizli dinləyiciləri heyran etmişdir. Yerli mətbuatın yazdığına görə, konsertlər, hər çıxış gurultulu alqışlar altında keçmişdir.

Konsertlərdə dinləyicilər tarzən Möhlət Müslümovun “Xaric segah”ındakı, kamança çalan Fəxrəddin Dadaşovun “Bayatı Şiraz”ındakı, müğənni Teymur Mustafayevin “Segah təsnifi”ndəki, xanəndə Zabit Nəbizadənin “Rahab”ındakı, aşıq Ədalət Nəsibovun “Yanıq Kərəm”indəki heyrətamiz ifaçılıq tərzinə hörmət əlaməti olaraq minnətdarlıqlarını hər dəfə ayağa qalxaraq hərarətli alqışlarla bildirmişlər.

İncəsənət ustalarımızın çıxışı televiziya üçün çəkilmiş, radioda onlara xüsusi veriliş təşkil edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.