İQTİSADİYYAT
MÜHARİBƏ ZAMANI FÜZULİ RAYONUNDA DAĞIDILMIŞ OBYEKTLƏR BƏRPA OLUNMUŞDUR
Horadiz qəsəbəsində 240 ev, 340 yerlik klub, istirahət parkı və yollar, bazar, 7 kəndi su ilə təmin edən nasos stansiyası, aqroservis, 480 yerlik məktəb binası bərpa olunan obyektlər sırasındadır. Bu işlər Avropa Komissiyasının Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası Proqramına ayırdığı qrantın dördüncü tranşı hesabına görülmüşdür.
Oktyabrın 4-də İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi və Avropa Komissiyası nümayəndələrinin iştirakı ilə Horadizdə həmin obyektlər istifadəyə verilmişdir.
Bərpa Komissiyasının üzvləri əvvəlcə Füzuli rayonunun 7 yaşayış məntəqəsini içməli su ilə təmin edən Böyük Bəhmənli nasos stansiyasında onun iş rejimi ilə tanış oldular. Burada söhbət zamanı bildirildi ki, stansiyada əlavə nasoslar quraşdırmaqla Dövlət Neft Fondunun vəsaiti hesabına Haramı qəsəbəsində inşa edilmiş 2500-dən çox evi içməli su ilə təchiz etmək olar.
Sonra Komissiyanın üzvləri Horadiz qəsəbəsində bərpa edilən bazarla tanış oldular.
Qonaqlar qəsəbədə yenicə fəaliyyətə başlayan aqroservisdə də oldular. Buraya gətirilmiş yeni kənd təsərrüfatı texnikasına baxdılar. Bu xidmət obyektinin iş prinsipləri ilə tanışlıqdan sonra qəsəbənin girəcəyindəki yeni parkın açılışı oldu. Mərasimi Rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov açdı. İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin direktoru Əli Məmmədov Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış obyektlərdə görülən işlər haqqında məlumat verdi. O dedi ki, hörmətli Prezidentimiz Heydər Əliyevin ölkəmizdə yaratdığı ictimai-siyasi sabitlik, əldə olunan iqtisadi inkişaf nəticəsində beynəlxalq maliyyə qurumları, donor ölkələr Azərbaycanı dəstəkləmiş, bərpa proqramı üçün vəsait ayırmışlar. Beləliklə, Füzuli rayonunun işğaldan azad olmuş 22 yaşayış məntəqəsində bütün infrastruktur tam bərpa olunmuşdur.
Açılış mərasimində bildirildi ki, bu rayonun ərazisində strateji əhəmiyyətli yüksəkliklər məhz AXC-Müsavat cütlüyünün yarıtmaz hakimiyyəti dövründə düşmənə verilmişdir. Əli Məmmədov Xüdafərindəki “Qız qalası” hidroqovşağının tikintisinə rəhbərlik edərkən bu hadisələrin canlı şahidi olduğunu, Horadizin ermənilər tərəfdən yandırıldığını gözləri ilə gördüyünü bildirdi. O dedi ki, belə vəziyyətin yaranmasında təqsiri olan insanlar bu gün yenidən baş qaldırıblar, yenidən hakimiyyətə gəlmək xülyasına düşüblər. Lakin xalq onları yaxşı tanıyır və öz seçimində bir daha səhvə yol verməyəcəkdir.
Mərasimdə bildirildi ki, Füzuli rayonunda aparılan bərpa işlərinə görə İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin baş direktoru Əli Məmmədov, Avropa Komissiyasının nümayəndələri, layihə rəhbərləri Yavuz Coşan, Cəlal Alpman bu rayonun fəxri vətəndaşı seçilmişlər. Onlara bunu təsdiq edən vəsiqə verilmişdir.
Mərasimdə Füzuli rayonundan Milli Məclisin deputatı seçilmiş Bahar Muradova çıxış edərək Azərbaycan iqtidarının sosialyönümlü siyasətindən, ölkəmizdə aparılan geniş quruculuq işlərindən və gələcək perspektivlərdən ətraflı söz açdı.
Avropa Komissiyasının Bakıdakı “Avropa evi”nin rəhbəri xanım Yanni Boşer çıxış edərək ölkəmizdə həyata keçirilən layihələrin məqsədləri barədə məlumat verdi. Təmsil etdiyi beynəlxalq təşkilatın bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcəyini söylədi. Layihə rəhbəri Yavuz Coşan isə bərpa işlərində iştirak etməsindən şərəf duyduğunu bildirdi.
Sonra qonaqlar Horadizdə 480 yerlik məktəbin, 300 yerlik klubun açılış mərasimlərində iştirak etdilər. Yeni tikilmiş evlərin bir neçəsinə baxdılar. Söhbətlər zamanı vurğulandı ki, bütün bunlar Avropa Komissiyasının ayırdığı 2,4 milyon avro hesabına başa gəlmişdir. Elə həmin gün qonaqlar Bakıya qayıtdılar.