RƏSMİ XRONİKA


MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN ÇIXIŞI

- Bismillahir-rəhmanir-rəhim!

Azərbaycanın hörmətli Prezidenti cənab İlham Əliyev həzrətləri!

Hörmətli qonaqlar!

Hörmətli din xadimləri!

Bu gün bizim çox fərəhli günümüzdür. Bu gün biz öz Prezidentimizlə, başqa dövlət və hökumət nümayəndələri ilə burada görüşürük. Əlbəttə, Azərbaycan müstəqilliyini əldə etmək üçün çoxlu qurbanlar vermişdir. Mənəviyyatımızı qoruyub saxlamaq və onu gələcəkdə yaşatmaq üçün öndərimiz, Azərbaycanın daimi rəhbəri Heydər Əliyev həzrətlərinin göstərdiyi yol, onun mənəviyyata olan qayğısı heç vaxt unudulmayacaqdır. Deyə bilərəm ki, islam və başqa dinlərlə bərabər, Azərbaycanda vicdan azadlığı tam bərqərar olubdur və biz hamımız bir vətəndaş kimi birlikdə yaşayırıq. Biz bunun üçün cənab Heydər Əliyevin siyasətinə minnətdarıq.

Bu gün cənab Prezidentimizin və digər dövlət adamlarının, bizim dəvətimizi qəbul etməsi və bu iftar süfrəsinə gəlməsi bir daha onu göstərir ki, dövlət dinimizə, mənəviyyatımıza, xalqımıza nə qədər yaxındır. Bütün bunlara dindarlarımız çox böyük qiymət verir və bu həqiqəti bilirlər. Bu yaxınlarda keçirilmiş azad, şəffaf seçkilərdə dindarlarımız harada olursa olsun, Azərbaycanın bütün nöqtələrində həqiqəti bilərək, haqqa, ədalətə, Heydər Əliyev ideyasından bəhrələnən İlham Əliyevə səs vermişlər və onu özlərinə Prezident seçmişlər.

Bu gün burada əyləşən din xadimlərimiz, qazılar, Elmi-Dini Şuranın üzvləri dindarlarımızın müəyyən bir hissəsidir. Əlbəttə, onlar bu gün burada yığışıblar ki, Sizə öz təşəkkürlərini bildirsinlər. Mən bir daha demək istərdim ki, Azərbaycanda din-dövlət münasibətləri son vaxtlarda çox yaxşıdır, mənəviyyatımız dirçəlir. O da çox yaxşıdır ki, Azərbaycanda, Bakıda həm məscid, həm də sinaqoq və kilsə tikilir. Mən minnətdarlığımı bildirirəm ki, bu yaxında hörmətli Prezident İlham Əliyev həzrətləri ilə görüşümüzdə bəyan etdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi binasının, mədrəsənin və universitetin tikilməsinə yaxından kömək edəcəkdir. Ona görə də bəri başdan Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev həzrətləri, mən özümü çox xoşbəxt hesab edirəm ki, uzun illərdir Sizin atanızla çiyin-çiyinə işləmişəm. İndi mən daha aydın başa düşürəm ki, onun göstərişləri nə qədər düzgün imiş. O, gələcəyi də tam göstərmişdir.

Əlbəttə, dindarlar, azərbaycanlılar tərəfindən Sizin Prezident seçilməyiniz xalqın xoşbəxtliyi, rifahı, əmin-amanlığı deməkdir. Buna görə biz Allaha dua edirik. Həm də ona görə dua edirik ki, bu, xeyirli olacaqdır. Ona görə ki, Ramazan ayında, Qədr gecəsində duaların çin olması zamanı Prezident vəsiqəsini almağınız bir daha onu göstərir ki, bu, Allah-təalanın verdiyi köməkdir.

Başqa dinlərlə aramızda heç bir ayrı-seçkilik yoxdur. Əgər müəyyən çətinliyimiz olarsa, biz həmişə birlikdə onu həll edirik. Bu gün bizi burada birlikdə görməyiniz bir daha Azərbaycanda dini tolerantlığın olmasını göstərir. Bu günlərdə Türkiyədə baş verən terror hadisələrini hamımız pisləyirik və qəti şəkildə bildiririk ki, islamla terrorun heç bir əlaqəsi ola bilməz. Azərbaycanda hamı - müsəlmanlar da, qeyri-müsəlmanlar da terroru qətiyyətlə pisləyir və gələcəkdə də buna qarşı duracaqdır.

Şeyxülislam kimi mən Sizin buraya gəlişinizdən razıyam, çox sağ olun ki, bizim dəvətimizi qəbul etdiniz. Bu, bizim üçün çox xoşdur. Keçən il Siz buraya İlham müəllim kimi gəlmişdiniz. Biz orucluqda dua etdik və Allah-təala bunu qəbul elədi. Bu il isə Siz Prezident kimi gəlmisiniz. Bu, bizim üçün çox xoşdur.

Mənim yadımdan çıxmaz, Peyğəmbər əleyhissəlamın mövludu idi. Prezident Heydər Əliyev Təzəpir məscidinə gəldi və mərasimdə iştirak etdi, çıxış etdi. Sizin də gəlişiniz Quranın nazil olan gününə təsadüf edir. Allah-təaladan duamız odur ki, tezliklə Sizin rəhbərliyinizlə Qarabağımız, torpaqlarımız işğaldan azad olunsun, insanlar öz yurd-yuvasına qayıtsın, xalqımız xoşbəxt yaşasın.

Bir daha xoş gəlmisiniz. Allah-təala niyyətinizi qəbul etsin. İnşallah, qarşıdakı illərdə də təşrif buyuracaqsınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin