RƏSMİ XRONİKA


MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR

RUS PRAVOSLAV KİLSƏSİNİN BAKI-XƏZƏRYANI BÖLGƏ YEPARXİYASININ BAŞÇISI YEPİSKOP ALEKSANDRIN ÇIXIŞI

-Zati-aliləri, çox hörmətli cənab Prezident!

Möhtərəm şeyx həzrətləri, hörmətli qonaqlar!

Bizim bugünkü iftar ənənəyə çevrilib və Azərbaycanın daxili həyatında möhkəm yer tutan dini dözümlülüyə sübutdur. Dini dözümlülüyümüzün üç tərkib hissəsi var. Əvvəla, bu, böyük Heydər Əliyevin dini təşkilatlar barəsində tutduğu dərindən düşünülmüş və aydın mövqeyidir. Heydər Əliyeviç cəmiyyətin və ölkənin həyatında dinin əhəmiyyətini və yerini gözəl başa düşürdü. Ona görə də dövlətin və cəmiyyətin dini təşkilatlarla münasibətləri tamamilə yeni əsaslar üzərində qurulmuşdur və bu, qanunvericiliyimizdə, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Dini dözümlülüyümüzün digər tərkib hissəsi Qafqaz müsəlmanlarının başçısı şeyxülislam hacı Allahşükür Paşazadənin mövqeyidir. Onun islamın normalarına prinsipial surətdə əməl etməsi və bunların həyata keçirilməsi indi Azərbaycanda istifadə etdiyimiz bəhrələri verir. Dini dözümlülüyümüzün üçüncü tərkib hissəsi digər mədəniyyətlərin nümayəndələrinə və təzahürlərinə çox səmimiyyətlə və yüksək rəğbətlə yanaşan Azərbaycan xalqının mentalitetindən ibarətdir.

Bütün bunlar Azərbaycanın daxili siyasətinin bəhrəsidir və indiki təntənəli gecə də buna sübutdur.

Çox hörmətli cənab Prezident, bildirmək istərdim ki, kilsə siyasi proseslərə qatılmasa da, oktyabrın 15-də səhər bizə də çoxlu zənglər oldu, adamlar mənə müraciət edərək deyirdilər ki, seçkilərə tələsirlər, çünki öz övladlarının gələcəyini Sizin adınızla bağlayırlar. Seçki məntəqələrinə insanların axın-axın gəlməsi də, - bu, bir çox müşahidəçiləri heyrətləndirmişdi, - Azərbaycan xalqının, nəinki azərbaycanlıların, həm də arzu və istəkləri mənə daha çox məlum olan rusların öz gələcəyini və ümidlərini Sizin adınızla bağlamaq niyyətində olduğuna sübutdur. Pravoslav kilsəsinin başçısı, Moskvanın və bütün Rusiyanın müqəddəs patriarxı Aleksinin prezident seçkilərində inamlı qələbəmiz münasibətilə Sizə təbrik göndərməsi də pravoslav kilsəsinin və iyerarxiyanın Azərbaycanın gələcək sabitliyini Sizin adınızla bağladığını göstərir.

Azərbaycan xalqı Sizi hakimiyyətə ölkə üçün taleyüklü bir vaxtda çağırdı. Biz bu gün beynəlxalq aləmdə nə kimi proseslər getdiyini görürük. Əlbəttə, gələcəkdə Azərbaycanda nələr olacağına, onun dünya birliyində hansı yer tutacağına biz əsla biganə deyilik. Ona görə də pravoslav dindarlar adından, şəxsən öz adımdan Sizə yüksək vəzifənizdə uğurlar arzulamaq istəyirəm. Sizi ürəkdən təbrik edirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin