SİYASƏT
MÜQTƏDA ƏS-SƏDR VATİKANA DƏVƏT EDİLMİŞDİR
İraq şiələrinin lideri Müqtəda əs-Sədr Nəcəf şəhərində hərbi əməliyyatların dayandırılması barədə danışıqlar aparmaq üçün Vatikana dəvət edilmişdir. AZƏRTAC xəbər verir ki, bunu əs-Sədrin birinci köməkçisi Əhməd əş-Şəybaninin bəyanatına istinadla Assoşieyted Press Agentliyi bildirmişdir.
Əş-Şəybani demişdir: “Biz Papanın təşəbbüsü ilə dəvət olunmuşuq və böhranı aradan qaldırmaq üçün onu məsələyə müdaxilə etməyə çağırmaq niyyətindəyik”.
Vatikanın dövlət katibi kardinal Ancelo Sodano İtaliya radiosuna müsahibəsində bildirmişdir ki, bu görüş rəsmi vasitəçilərin xahişi ilə keçiriləcək və Papa II İoann Pavel belə xahişlərə heç vaxt rədd cavabı vermir.
Xatırladaq ki, Nəcəf şəhərində hərbi əməliyyatlar avqustun 5-dən başlayaraq, əslində, fasiləsiz davam edir.
Sodano müsahibəsində qeyd etmişdir ki, “koalisiya qoşunları bu şəhərin dini statusuna hörmətlə yanaşmalıdırlar”.