SİYASƏT
MÜSAHİBLƏRİNƏ, OXUCULARINA HÖRMƏT EDƏN, İDDİASIZ VƏ QƏRƏZSİZ QƏZET
“KASPİ”NİN 5 İLLİYİNDƏ ÇIXIŞ EDƏNLƏR ÖNU BELƏ DƏYƏRLƏNDİRDİLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yaradıcı kollektivin sevincinə şərik olmaq üçün tədbirə müxtəlif mətbu orqanların və jurnalist təşkilatlarının təmsilçiləri, ayrı-ayrı qurumların mətbuat xidmətlərinin rəhbərləri, siyasi partiyaların nümayəndələri, tanınmış ziyalılar, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri gəlmişdilər.
Baş redaktor Nurəddin Heydərov qəzetin tarixinə ekskurs etmiş, bugünki fəaliyyətindən söz açmışdır. O demişdir ki, ilk nömrəsi 1881-ci ildə işıq üzü görən “Kaspi” Bakıda rus dilində çıxmış və 1919-cu ilədək yaşamışdır. 1887-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və redaktorluğu Əlimərdan bəy Topçubaşova tapşırmışdır. 1907-ci ilin oktyabrında Əlibəy Hüseynzadə redaktor təyin olunmuşdur. Həsən bəy Zərdabi ilk gündən “Kaspi” ilə fəal əməkdaşlıq etmişdir. Onun redaktorluğu dövründə jurnalist heyəti demokratik görüşlü ziyalılar hesabına zənginləşmişdir. Bu dövrdə Hüseyn Minasazov, Eynəlibəy Sultanov, Rəhimbəy Məlikov, Firidun bəy Köçərli və başqaları qəzetlə əməkdaşlıq etmişlər. 118 ildən sonra-1999-ci ilin martında “Kaspi” yenidən oxucuların görüşünə gəldi. Qısa müddət ərzində qəzet dövriliyini artırıb gündəlik çıxmağa başlamışdır.
Baş redaktor əmin etmişdir ki, bundan sonra da oxucuların mənafeyini gözləyəcək, etik normalara dönmədən əməl edəcəklər.
Prezidentin İcra Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, onun müavini Cahangir Məmmədli, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, xalq artistləri Yaşar Nuri, İlhamə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Kaspi”çiləri təbrik etmişlər. Onlar xüsusi vurğulamışlar ki, bu qəzet kənar müəlliflərə, müsahiblərə hörmət bəsləməklə oxucuların rəğbətini qazanmışdır, mülli mənafeləri gözləyir, qeybətdən uzaqdır, informasiyaları dəqiq və qərəzsizdir.
Əməkdar artist Ağalar Bayramov yubilyarları Söhrab Tahirin “Yaxşılıq” şeri ilə təbrik etmişdir.