DÜNYA
MÜSƏLMANLAR DİQQƏT MƏRKƏZİNDƏDİR
Qeyri-rəsmi hesablamalara görə, Afinada təxminən 150 min müsəlman yaşayır. Paytaxtın hüquq mühafizə təşkilatlarından birinin başçısı Panayotis Dimitras demişdir ki, məhz onlar “daimi müşahidə obyektinə çevrilmişlər və hətta ibadət etdikləri yerlər də nəzarət altında saxlanılır”.
Livanın “Deyli star” qəzeti yazır ki, Quran qiraəti dərslərinə gələn uşaqlar yoxlamalara məruz qalırlar. Polislər şagirdlərdən xahiş edirlər ki, müəllimin dediklərini təkrarlasınlar. Lakin müəllim Mahud Münir təmkinini əsla pozmur və deyir ki, heç nədən qorxmur, çünki qanun çərçivəsindən kənara çıxmır, ölkənin təhlükəsizliyini təhdid edə biləcək heç bir iş görmür.
Afina Avropa Birliyi dövlətlərinin yeganə paytaxtıdır ki, burada indiyədək məscid yoxdur. Hökumət bildirmişdir ki, onun tikintisi üçün layihə bəyənilib, amma məscid mömin bəndələri yalnız bir neçə ildən sonra qəbul edə biləcəkdir. Əvvəlki hökumətdə işləmiş dövlət qulluqçusu İraklis Moskov deyir: “Mən məlumat yazıb əlaqədar təşkilatlara göndərmişəm. İstəyirəm ki, əhalinin xeyli hissəsinə öz dini ocaqlarında ibadət etməyə və mərhumlarını öz qəbiristanında torpağa tapşırmağa şərait yaradılsın”.