CƏMİYYƏT


MÜSİAD-ın Azərbaycandakı şöbəsi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib

Bakı, 22 may, AZƏRTAC

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi Müqəddəs Ramazan ayı münasibətilə mayın 22-də "Fairmont Baku" hotelində iftar süfrəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun, Milli Məclisin deputatları azərbaycanlı və türkiyəli iş adamları, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.

MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun tədbirdə çıxış edərək müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb. Dərnəyin fəaliyyəti barədə məlumat verən A.Uzun bildirib ki, 1990-cı ildə bir qrup gənc iş adamı tərəfindən təsis olunan MÜSİAD sürətlə inkişaf edərək fəaliyyətini genişləndirib. Hazırda 11 mindən çox üzvü olan qurumun dünyanın müxtəlif ölkələrində 224 şöbəsi fəaliyyət göstərir.

MÜSİAD-ın insan amilinə, ən müasir informasiya texnologiyalarının inkişafına böyük önəm verdiyini vurğulayan idarə heyətinin sədri bildirib ki, dərnək öz fəaliyyətində bu istiqamətlərlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, rəqabətədavamlı məhsul istehsalı və s. sahələri diqqət mərkəzində saxlayır.

Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı, "Made in Azerbaijan" brendi ilə istehsalın və ixracın artırılması, sahibkarların dəstəklənməsi istiqamətində həyata keçirdiyi islahatlar iqtisadiyyatın və iş həyatının sürətli tərəqqisinə təkan verib. Bu prosesdə iş adamlarının təşəbbüskarlıqlarının artırılması, ən müasir biliklərə yiyələnən gənclərin yetişdirilməsi böyük rol oynayır. MÜSİAD da bu əlverişli mühitdən bəhrələnərək ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı ilə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə də töhfə verməyə çalışır, bir sıra layihə və tədbirlər reallaşdırır, təşəbbüslərlə çıxış edir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edərək tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. Türkiyəli iş adamlarının Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan diplomat qeyd edib ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına mühüm töhfə verir. MÜSİAD-ın Azərbaycan şöbəsi də fəaliyyətə başladığı ilk gündən qardaş ölkədə iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, sosial-mədəni sahələrdə də müxtəlif tədbirlər həyata keçirir.

Müasir dövrdə dünyada qloballaşma prosesinin yeni çağırış və təhdidlərə yol açdığını vurğulayan səfir E.Özoral bu baxımdan qardaş ölkələrimiz arasında sarsılmaz münasibətlərin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Məmnunluqla qeyd olunub ki, qardaş ölkələrimizin iş adamları bu sahədə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Sonra MÜSİAD-ın Azərbaycan şöbəsi ilə səmərəli əməkdaşlıqda, eləcə də iftar mərasiminin təşkilinə dəstək verməkdə fərqlənən bir sıra biznes qurumlarının nümayəndələrinə xatirə paketləri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.