MƏDƏNİYYƏT


MÜSLÜM MAQOMAYEVİN YUBİLEYİ MOSKVADA QEYD OLUNMUŞDUR

Sentyabrın 17-də Moskvada, “Rosiyya” Dövlət Mərkəzi Konsert Salonunda Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin 60 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilmişdir.

Müslüm Maqomayev qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycanda bu yaxınlarda keçirilmiş yubileyindən söhbət açdı. O, Bakıda böyük məhəbbət və hərarətlə qarşılanmasından, bayramın üç gün davam etməsindən razılıqla danışdı.

Görkəmli dövlət xadimləri, Rusiyanın tanınmış siyasətçiləri, habelə məşhur mədəniyyət və incəsənət xadimləri yubilyarı təbrik etməyə gəlmişdilər. Dövlət Dumasının sədrinin birinci müavini Lyubov Sliska, Konstitusiya Məhkəməsinin sədri Marat Baqlay, Ticarət-Sənaye Palatasının başçısı Y.Primakov, RF mədəniyyət nazirinin müavini N.Dementiyeva onların arasında idilər. N.Dementiyeva səfərdə olduğuna görə gecədə iştirak edə bilməyən Rusiyanın mədəniyyət naziri Mixayıl Şvıdkoyun səmimi təbriklərini yubilyara çatdırdı.

Yubiley şənliklərində iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə təbrik nitqi söylədi. F.Abdullazadə M.Maqomayevin xüsusi istedada malik olduğunu vurğulayaraq dedi ki, “bu insan sözün geniş mənasında mədəniyyət xadimidir və bizim hamımıza hələ çox-çox sevinc bəxş edəcəkdir, çünki o, təkcə bu günə deyil, həm də gələcəyə mənsubdur”.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev də yubilyarı təbrik edərək bildirdi ki, bu gün iki ölkənin mədəniyyət və incəsənətinin ən görkəmli xadimləri Müslüm Maqomayevin yubileyini qeyd etməyə toplaşmışlar. Bu, Müslüm Maqomayev yaradıcılığının iki xalq və mədəniyyət arasında özünəməxsus canlı körpü olduğunu bir daha sübut edir. Səfir dedi ki, yubilyarımızın ən mühüm xüsusiyyəti isə onun vətəndaş mövqeyindən, böyük beynəlmiləlçi mövqeyindən ibarətdir.

Yubiley gecəsində Zeynəb Xanlarova, Rəşidə Beybudova, Faiq Ağayev, Əli Ələsgərov, İosif Kobzon, Lev Leşşenko, Nikolay Baskov, Boris Moiseyev, Vladimir Vinokur və başqaları geniş və maraqlı konsert proqramı ilə çıxış etdilər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.