SİYASƏT
MÜSTƏQİL AZƏRBAYCANIN İQTİSADİ TƏRƏQQİSİNİN TƏMƏLİ ÖLKƏNİN YENİ NEFT STRATEGİYASININ İŞLƏNİB HAZIRLANMASI VƏ HƏYATA KEÇİRİLMƏSİ İLƏ QOYULMUŞDUR
RESPUBLİKANIN YANACAQ-ENERGETİKA KOMPLEKSİNİN KOLLEKTİVLƏRİ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ ÜNVANLADIQLARI MÜRACİƏTDƏ BU MÜDDƏANI KONKRET FAKTLARLA ƏSASLANDIRMIŞLAR
Möhtərəm cənab Prezident!
Biz - müstəqil Azərbaycan Respublikası iqtisadiyyatının ən aparıcı sahəsi olan yanacaq-energetika kompleksinin fəallar yığıncağının iştirakçıları Sizi, zəmanəmizin dahi siyasi xadimini, xalqımızın müdrik rəhbərini, bütün türk dünyasının liderini 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq.
Cənab Prezident!
XX əsr Azərbaycan xalqının həyatında çox kəşməkəşli olmuş, həmin əsrin əvvəllərində -1918-20-ci illərdə Şərqdə ilk demokratik dövlət quruculuğuna cəhd göstərmiş, sovet hakimiyyəti illərində ciddi represiyalara məruz qala-qala yüksək dərəcədə maariflənmiş, sənayedə, mədəniyyətdə, milli şüurun inkişafında böyük inkişaf yolu keçmişdir. Lakin xalqımizın XX əsr tarixində ən önəmli dövr 1969-1982-ci illər və 1993-cü ildən bəri Sizin hakimiyyətdə olduğunuz müddətdir.
Tarixdə öz xalqını yüksəkliklərə qaldıran və çətin vəziyyətdən çıxarıb xoşbəxt gələcəyə aparan insanlar dahi şəxsiyyətlərdir. Bu mənada Sizin bütün fəaliyyətiniz, böyük zəkanız, vətən sevginiz doğma Azərbaycanımızın qüdrətli bir dövlətə çevrilməsinə xidmət etmişdir və Siz sözün əsl mənasında dahi şəxsiyyət zirvəsinə yüksəlmisiniz.
Bu gün böyük iftixar və fərəh hissi ilə deyə bilərik ki, müstəqilliyimizin son 10 ilində Sizin müdrik daxili və xarici siyasətiniz sayəsində milli azadlığımızın möhkəmləndirilməsi, hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması, güclü ordu quruculuğu işlərinin aparılması, ölkədə sabitliyin qorunub saxlanması, dinamik iqtisadi inkişafın təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da yüksəlməsi istiqamətində təqdirəlayiq addımlar atılmış, uğurlar qazanılmışdır.
Əziz Prezident!
Siz Azərbaycan Respublikası iqtisadiyyatının əsas bazası olan yanacaq-energetika kompleksinin fəaliyyətinə həmişə yüksək qayğı göstərmiş, qiymət vermiş, sənayenin bu sahələrinin inkişafı üçün böyük işlər görmüsünüz.
1970-1980-ci illərdə ölkəmizin neft-qaz sənayesi, neft emalı, neft kimyası, neft maşınqayırması və elektroenergetika sahələrində böyük uzaqgörənliklə yaratdığınız güclü istehsalat vahidləri, elmi və maddi-texniki potensial indi müstəqil dövlətimizin inkişafına xidmət göstərir, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə işləyib hazırladığınız və birbaşa rəhbərliyiniz altında həyata keçirilən, memarı olduğunuz neft strategiyasının uğurlarında müstəsna əhəmiyyət kəsb edir.
Bu strategiyanın indiki mərhələdə əsasını təşkil edən 4 mühüm layihənin – “Azəri”, “Çıraq”, ”Günəşli” neft yataqlarının tammiqyaslı işlənməsi, “Şahdəniz” qaz-kondensat yatağının işlənməyə hazırlanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası ilə bağlı proqramların yerinə yetirilməsi yalnız və yalnız Sizin gərgin əməyinizin, düzgün siyasətinizin, əzm və mətanətinizin parlaq nəticəsidir. Artıq həyata keçirilməyə başlamış bu tarixi layihələr yaxın illərdə respublikamızın iqtisadi inkişafına böyük təkan verəcək, xalqımızın rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Möhtərəm Prezident!
Cari ildə respublikamızın ictimai-siyasi həyatında daha bir əlamətdar hadisə - prezident seçkiləri gözlənilir. Azərbaycanın yanacaq-energetika kompleksinin çoxminli kollektivi öz seçimlərini hələ 10 il bundan əvvəl ediblər və respublikamızın hərtərəfli inkişafı naminə apardığınız çoxşaxəli fəaliyyətinizi yüksək qiymətləndirərək, bu müddətdə həmişə Sizinlə olmuşlar. Bu gün də Sizin prezidentliyə namizədliyinizi dəstəkləyir, seçkilərdə Sizin şəksiz qələbənizə tam inanır və bütün xalqımızı müdrik rəhbərimiz Heydər Əlirza oğlu Əliyevə səs verməyə çağırırıq.
Zati-aliləri, əmin ola bilərsiniz ki, yanacaq-energetika kompleksinin əmək kollektivləri bundan sonra da Sizin tapşırıq və tövsiyələrinizi həyata keçirmək üçün var gücü ilə çalışacaq, doğma vətənimizin iqtisadi qüdrətini daha da artırmaqdan ötrü bütün imkanlarını səfərbərliyə alacaqlar.
Sizə müstəqil Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə apardığınız fədakar və yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır, böyük uğurlar diləyirik!
Müraciət Yanacaq və Energetika Nazirliyinin, yanacaq-energetika kompleksinə daxil olan müəssisə və təşkilatların birgə toplantısında
qəbul edilmişdir