MÜXALİFƏTİN İNSANLIQDAN KƏNAR ƏMƏLLƏRİ BİZDƏ DƏRİN QƏZƏB HİSSİ DOĞURMUŞDUR
AzerTAg.az
BU SÖZLƏR GÜRCÜSTANDAKI AZƏRBAYCAN MƏDƏNİYYƏT
MƏRKƏZİNİN VƏ BİR QRUP ZİYALININ AZƏRTAC-A
GÖNDƏRDİYİ MÜRACİƏTDƏ YAZILIB
Biz, qonşu Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda baş verən hər bir hadisəyə çox həssaslıqla yanaşır, son on illər ölkədə yaranmış sabitliyə, möhtərəm Prezidentimiz Heydər Əliyevin tükənməz səyləri ilə iqtisadi və sosial sahələrdə qazanılmış uğurlara sevinir, xüsusilə beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunun gündən-günə yüksəlməsi ilə fəxr edirik.
Ancaq respublikada qarşıdakı prezident seçkiləri ərəfəsində bəzi qüvvələrin yenidən ölkədə siyasi atmosferi qızışdırmaq, suyu bulandırmaq və bulanıq suda balıq tutmaq cəhdləri, o cümlədən Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan müdrik insan cənab Heydər Əliyevin səhhəti ilə əlaqədar qaldırdıqları hay-küy, hətta onun şəxsiyyətini təhqir edən yazılara yer verilməsi bizi çox narahat edir və hiddətləndirir.
Təəssüf ki, həmişə Azərbaycanı özünə qardaş bilən Türkiyədə də bu dönük insanların səsinə səs verənlər, bütün türk dünyasının qürur duyduğu Türkiyə-Azərbaycan dostluğuna xələl gətirmək istəyənlər tapılır. “Star yayım qrupu” və “Star” qəzeti kimi informasiya vasitələrinin möhtərəm Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasında müayinəsi ətrafında ağlagəlməz uydurmalar yayması və Azərbaycanda çıxan “Yeni Müsavat”, ”Hürriyyət” kimi qəzetlərlə səs-səsə verməsi bizi qəzəbləndirir. Biz “Star” qəzetinin və televiziyasının Azərbaycanda sabitliyin pozulmasına xidmət edən və dağıdıcı müxalifəti birtərəfli müdafiə edən məlumatlarını qəzəblə pisləyirik . Onlar unudurlar ki, bu cür məlumatlar ancaq türk dünyasının düşmənlərinin dəyirmanına su tökür, eyni zamanda açıq-aydın Azərbaycanın daxili işlərinə qarışırlar.
Biz, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanın müxalifət mətbuatında Prezident Heydər Əliyev haqqında gedən yazıları ən adi insanlıq və əxlaq normalarından kənar hesab edir, bu yalanları yazdıran və yazan nankorlara xatırlatmaq istəyirik ki, Gürcüstanda yaşayan soydaşlarımızın bugünkü sabit və dinc həyatı məhz Azərbaycan Prezidenti cənab Heydər Əliyevin və Gürcüstan Prezidenti cənab Şevardnadzenin böyük səylərinin nəticəsidir. Ümidvarıq ki, səhhətini bərpa edib qayıdan Prezident Heydər Əliyev hələ bu sahədə çox işlər görəcəkdir.
Bizi narahat edən bir məsələ də odur ki, Türkiyə ilə, Gürcüstanla Azərbaycanın dostluq əlaqələrinin üzərinə kölgə salmaq istəyənlər, görəsən, bunun nəticələri haqqında düşünürlərmi?
Bu yaxınlarda akademik Cəlal Əliyevin Gürcüstanın “Şöhrət” ordeni ilə təltif edilməsi bizi bir azərbaycanlı kimi çox sevindirsə də, Azərbaycanda buna da dodaq büzənlər tapıldı və biz buna heyfsilənirik.
Biz üzümüzü “Star”çılara və Azərbaycanda özünü müxalifət adlandıranlara tutaraq deyirik ki, bəsdir böhtan və iftiralar yaydığınız, düşmənləri bizə güldürdüyünüz! Heç olmasa, hərəkətlərinizə kənardan bir nəzər salın. Bu hərəkətlər nə sizə, nə də sizi qızışdırıb ortaya salanlara şərəf gətirmir, bizim xalqın zaman-zaman formalaşmış etik normalarını bu qədər ədəbsizliklə tapdalamaq olmaz, bəsdir mətbuat səhifələrindən və efirdən kin-küdurət püskürdüyünüz. Onsuz da elin gözü tərəzidir, kimin kim olduğunu çox gözəl bilir.
Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri
Məmməd Gülməmmədov
və azərbaycanlı ziyalılardan
İmir Məmmədli,
Valeh Hacıyev,
Süleyman Süleymanov,
Şurəddin Məmmədli və başqaları
Xəbərin mətnində orfoqrafik səhv var