SİYASƏT
MÜXALİFƏT MƏTBUATININ MƏKRLİ VƏ QƏRƏZLİ ÇIXIŞLARI RESPUBLİKAMIZIN HƏR YERİNDƏ QƏZƏB VƏ NİFRƏTLƏ QARŞILANIR
Göyçay rayon gənclərinin toplantısında qəbul olunmuş bəyanatda deyilir:
Möhtərəm cənab Heydər Əliyev dünyanın ən böyük siyasətçiləri arasında gənc nəslə diqqətlə yanaşması, ona qayğı göstərməsi baxımından Prezidentimiz ən yüksək yerdə durur. O, ölkəmizdə hər bir gəncin cəmiyyətdə layiq olduğu yeri tutmasına yardımçı olmaq istəyi ilə müdrik uzaqgörənliklə müstəqil dövlətimizin sabahına təminat yaradır. Möhtərəm Prezidentimizin ölkəmizdə apardığı gənclər siyasəti müstəqilliyimizin sabahının qarantıdır. Gərgin siyasi fəaliyyətlə, ölkəmizin iqtisadi problemlərinin həlli ilə məşğul olmaqla yanaşı, gənclərin inkişafı üçün vaxt tapıb tədbir görmək hörmətli Prezidentimizin həmişə diqqət mərkəzindədir. Bu gün yüzlərlə, minlərlə gənc azərbaycanlı “mən Heydər Əliyevin yetirməsiyəm” sözünü iftixarla deyir.
Biz Göyçay rayonunun çoxsaylı gənclər ordusu son günlər Müsavat partiyası rəhbərlərinin və onun “Yeni Müsavat” qəzetinin xalqımızın adət-ənənələrinə, milli-mənəvi, dini və əxlaqi dəyərlərinə yad olan, ümumiyyətlə, insanlıq ləyaqəti ilə bir araya sığmayan əməllərini, möhtərəm Prezidentimizin səhhəti barədə yaydıqları uydurmaları, yalanları qətiyyətlə pisləyir, onlara nifrətimizi bildiririk. “Yeni Müsavat” qəzetinin və onun baş redaktoru Rauf Arifoğlunun naqis əməllərini insanlığa layiq olmayan hərəkət kimi qiymətləndirir, Heydər Əliyevin siyasətinin mahiyyətini anlamayanlara “Ar olsun!” deyirik.
Heydər Əliyev təfəkkürünün ucalığına söykənən biz gənclər ona – xalqımızın xilaskarına, Azərbaycana, türk dünyasına, qoca Şərqə şərəf və başucalığı gətirən Prezidentimiz haqqında sərsəm fikir söyləyənlərə “müstəqil dövlətimizi gözü götürməyənlər” deyirik.
Tələb edirik ki, respublikamızın hüquq-mühafizə orqanları bu üzdəniraq böhtançılar, təxribatçılar haqqında qanuna müvafiq tədbirlər görsünlər.
Sahib Şükürov, Təranə Ömərova,
Təranə Qocayeva, Natiq Hacıyev,
Könül Səlimova, Firdovsi Rəhimov,
Ramin Əliyev, Rauf Mustafayev və başqaları
Cəmi: 97 imza