MÜXTƏLİF NÖV QUŞLARIN MONİTORİNQİ KEÇİRİLİR
AzerTAg.az
Ölkəmizdə Azərbaycan Ornitologiya Cəmiyyətinin dəstəyi ilə “Qlobal təhlükədə olan quş növlərinin Azərbaycanda monitorinqi” layihəsi gerçəkləşdirilir. Layihəni “bp Conservation Proqramme” təşkilatı maliyyələşdirir.
Cəmiyyətin sədri, biologiya elmləri namizədi Elçin Sultanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbirdə məqsəd quşların sayı barədə məlumatların toplanması, yeniləşdirilməsi və respublika ərazisində quşların yayılma yerlərinin statusu və vəziyyətini öyrənməkdir. Məhv olmaq təhlükəsi qarşısında olan, adları milli və beynəlxalq Qırmızı kitablara daxil edilmiş növlərin monitorinqinə xüsusi diqqət yetirilir.
Layihəni həyata keçirən tələbə bioloqlar üçün çöl tədqiqatlarına başlamazdan əvvəl ilkin məşğələ-kurslar təşkil olunur. Yalnız bundan sonra sərbəst tədqiqatların aparılmasına imkan yaradılır.
Layihənin icrası üçün 4 əsas ərazi seçilmişdir. Bunlardan Qusar rayonundakı Sudur kəndinin ətraf əraziləri, Heydər Əliyev adına dərin özüllər zavodunun su akvatoriyası, Qızılgöl və Hacıqabul gölləri, habelə Şirvan milli parkı, Pirqulu, Zaqatala qoruqları, Mahmudçala gölü, Pirallahı və Yaşma adalarını qeyd etmək olar. Bu ərazilərdə müxtəlif növ quşlar yayılmışdır.
Tədqiqatlar müxtəlif mövsümlərdə aparılır.
Xəbərin mətnində orfoqrafik səhv var