ELM VƏ TƏHSİL


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2019-2020-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan MDU-nun professoru, mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. On il ərzində Bakı filialı xeyli genişlənib. Bu, Azərbaycanın ən yaxşı ali məktəblərindən biridir. “Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi hər dəfə Moskvada “Açıq qapı” günü keçiriləndə deyir ki, MDU bu qədər böyük sayda elmlər namizədləri, elmlər doktorları, akademiklər, akademiyanın müxbir üzvlərinin yeganə təhsil ocağıdır. Bu, əlbəttə ki, gəncləri cəlb edir”, - deyə Yuri Sadovniçi qeyd edib.

Vurğulanıb ki, məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bakı filialı əgər 2008-ci ildə üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. Tədris 2012-ci ildən Bakı filialının Xocasəndə yerləşən mükəmməl kampusunda aparılır. Burada tələbələrin təhsil alması üçün hər cür şərait yaradılıb. Filialda tədris M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir.

Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, MDU-nun Bakı filialında təhsil bakalavr və magistr pillələrində aparılır. Moskvada aspirantura təhsilini davam etdirmək mümkündür. Qəbulla bağlı məlumatlar M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ və Bakı filialının http://msu.az/ saytlarında yerləşdirilib.

Filologiya fakültəsində iki proqram - “Rus dili və ədəbiyyatı” və “Müasir qərb ədəbiyyatı və dilləri” (ingilis, italyan, ispan və fransız) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsində iqtisadiyyat və menecment bölmələri var. Qəbul üçün Bakı filialının daxili imtahanlarını vermək lazımdır.

Filialda qəbul imtahanları və təhsil rus dilindədir.

Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, iqtisadiyyat və psixologiya fakültələri üzrə aparılır.

Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza – FİN kod əsasında verilə bilər. May ayında qeydiyyat başlanacaq. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında http://dim.gov.az/ doldurula bilər.

MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yalnız Bakı filialında fizika fakültəsi fəaliyyət göstərir. Fakültənin iki ildən artıqdır açıldığını deyən Aleksandr Saletski indiyədək burada MDU-nun 20 professorunun və 30 dosentinin dərs apardığını söyləyib. Diqqətə çatdırıb ki, qısa müddət ərzində fakültədə 7 fizika laboratoriyası açılıb, hazırda elmi laboratoriya təşkil edilir. O, bununla bağlı Filialın rektoru, akademik Nərgiz Paşayevaya təşəkkürünü bildirib.

Fizika-riyaziyyat elmləri namizədi, MDU-nun mexanika-riyaziyyat elmi-tədris işinin əlaqələndirilməsinə məsul Yevgeni Mıçka tətbiqi riyaziyyat fakültəsi haqqında məlumat verib. Qeyd edib ki, fakültədə oxumaq çətindir, lakin məzunların iş problemi olmur. Builki magistrlərin hamısı, bakalavrların isə 95 faizi işə düzəlib - bu da bakalavr məzunlarından ikisinin təhsillərini magistraturada davam etdirmək qərarı ilə bağlıdır. Məzunlar əsasən maliyyə, bank sahələrində, sığorta şirkətində, neft sənayesində işləyirlər. Onlar nəinki Azərbaycanda, xaricdə də işləyə bilirlər. Fakültənin ən yaxşı tələbələri müxtəlif müsabiqələrdə, konfranslarda iştirak edirlər. Bu il "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsində Bakı filialının tələbələri üçüncü yeri tutublar. Tələbələrin istənilən elmi təşəbbüsləri filialın rektoru və müəllimləri tərəfindən dəstəklənir.

“Açıq qapı” günündə, həmçinin MDU-nun filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Valeriya Baqryantseva, kimya elmləri doktoru, kimya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Sergey Karlov, MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Leonid Babanin, iqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Ceyhun Hüseynov çıxış edərək müvafiq olaraq filologiya, kimya, psixologiya, iqtisadiyyat fakültələrinə qəbul qaydaları və həmin fakültələrin tədris fəaliyyətindən danışıblar.

Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.