CƏMİYYƏT
Maarifləndirici kurslarda seçkilərlə bağlı icra olunacaq müxtəlif prosedurlar ətraflı izah edilib
Bakı, 17 oktyabr, Pərvanə İmanova, AZƏRTAC
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na müvafiq olaraq, 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslar yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, maarifləndirici məqsəd daşıyan və üç gün davam edən kurslarda mütəxəssislər seçkilərlə bağlı icra olunacaq müxtəlif prosedurları ətraflı izah ediblər.
Oktyabrın 17-də keçirilən sonuncu tədbirdə çıxış edən 18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasının sədri İslam Muradov bildirib ki, kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra qurumlarının rolu, onların komissiyalarla səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb. Həmçinin kurslarda “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” və “Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında müvafiq dövlət qurumlarının nümayəndələri çıxış ediblər.
İslam Muradov dairə seçki komissiyalarının üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün təşkil edilən kursların səmərəli olduğunu və uğurla yekunlaşdığını söyləyib.
Tədbirdə Nərimanov rayon prokurorluğunun nümayəndəsi Əsgər Həsənov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib. O, prokurorluq orqanı və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən bəhs edib.
Tədbir çərçivəsində “Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MSK-ların fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda seminar keçirilib.
Diskussiya şəklində davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.