REGİONLAR
Maarifləndirici tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə geniş izahat verilib
Kürdəmir, 25 oktyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi Kürdəmirdə rayon icra hakimiyyətinin dəstəyi ilə “Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri – Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərini vətəndaşlara və müvafiq dövlət orqanlarına çatdırmaq məqsədilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər, ümumilikdə, 132 nəfər iştirak edib.
Tədbirdə mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilən videoçarxdan və regional miqrasiya idarəsi tərəfindən hazırlanan slayddan istifadə olunmaqla izahlı çıxışlar edilib, miqrasiya qanunvericiliyinə olunan əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib, habelə iştirakçıları maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb.
Sonda vətəndaş məmnunluğunun təmin olunması məqsədilə səyyar xidmət göstərilib. Səyyar xidmətin imkanlarından 7 nəfər yararlanıb. Bir nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar verilib, 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul qaydaları izah edilib, 4 nəfərə müvəqqəti və 1 nəfərə daimi yaşama icazələrinin verilməsi ilə bağlı sənədlərin siyahıları təqdim olunub.