CƏMİYYƏT
Maarifləndirici tədbirdə gənc nəslə “ağ ölümün” fəsadları barədə məlumat verilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Paytaxtın Nizami rayonundakı 210 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, valideyn və müəllimlərin iştirakı ilə keçirilən maarifləndirici tədbir narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunub.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.
Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Əli Axundov, Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Aslanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli, Rayon Polis İdarəsi Veteranlar Şurasının sədri Aydın Əzimov və 210 nömrəli tam orta məktəbin direktoru Kəmalə Rəsulova çıxış edərək narkomanlığın ağır və sağalmaz yaraları barədə məlumatlar verib, gəncləri sağlamlığa çox böyük ziyan vuran “ağ ölümdən” uzaq olmağa çağırıb, onlara sağlam həyat tərzi keçirməyin faydasından danışıblar. Çıxışlarda qeyd olunub ki, gənc nəslin sağlam ruhda böyüməsi və tərbiyə alması üçün bütün aidiyyəti qurumlar görülən tədbirlərin intensivliyini artırmalı və bu sahədə yeni təbliğat vasitələrindən geniş istifadə etməlidirlər.
Maarifləndirici tədbirdə, həmçinin şagirdlərin sualları cavablandırılıb, onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, izahatlar verilib.
Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.