CƏMİYYƏT
Maarifləndirici treninqlərdə seçkilərə hazırlığın gedişi haqqında hərtərəfli məlumat verilir
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasında seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə treninqlərin fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində təşkil edildiyini və böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, 3 gün davam edəcək maarifləndirici treninqlər Milli Məclisə seçkilərin şəffaf və qanunamüvafiq təşkili üçün çox önəmlidir. Treninqlərdə seçkilərə hazırlığın gedişi haqqında aydın və hərtərəfli məlumat verilir.
Diqqətə çatdırılıb ki, dairədə Milli Məclisə seçkilərə hazırlıq işləri uğurla aparılır. Treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri maarifləndirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Dairə seçki komissiyasının ərazisində 32 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib. Bütün məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təchiz edilib. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır. Şəffaflığın təmin olunması məqsədilə bəzi məntəqələrdə veb-kameralar quraşdırılıb.
Dairə seçki komissiyasının katibi Nahid Abbasov tərəfindən treninqlərdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri və onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti barədə məlumat verilib.
Treninqlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.